Bakı. Trend:
“IE University” Azərbaycanla təhsil, bilik, tərəfdaşlıq və etimada əsaslanan uzunmüddətli əməkdaşlığın inkişafında maraqlıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “IE University”nin Korporativ Əlaqələr üzrə İcraçı sədri Villiam Davila ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, universitet Azərbaycanı insanlardan, ideyalardan və təşkilatlardan ibarət “IE”nin qlobal şəbəkəsi ilə daha sıx əlaqələndirməyi qarşıya məqsəd qoyur.
“Biz bu ölkənin və hər bir təşkilatın prioritetlərini və çətinliklərini öyrənmək, onları daha yaxşı anlamaq istəyirik. İstedadları inkişaf etdirmək, bilik yaratmaq, şirkətlər, təsisatlar və hökumətlə birgə çalışmaq niyyətindəyik. Azərbaycanı insanlardan, ideyalardan və təşkilatlardan ibarət “IE”nin qlobal şəbəkəsi ilə daha da sıx bağlamaq arzusundayıq”, - deyə o qeyd edib.
Villiam Davilanın sözlərinə görə, “AZEMBA” proqramının başlanması yalnız akademik layihənin həyata keçirilməsi ilə məhdudlaşmır və Azərbaycanla “IE University” arasında uzunmüddətli münasibətlərin əsasını qoyur.
“Məhz buna görə də “IE” və “AZEMBA” üçün bu gün sadəcə akademik bir proqramın başlanğıcı deyil. Bu, uzunmüddətli bir münasibətin - “IE” ilə Azərbaycan, qlobal biliklə yerli bilik, akademiya ilə biznes və ən əsası, insanlar arasındakı tərəfdaşlığın başlanğıcıdır”, - deyə o vurğulayıb.
Villiam Davila qeyd edib ki, hazırda dünya sürətli transformasiya dövründən keçir. Onun sözlərinə görə, süni intellekt təşkilatların qarşısında yeni çağırışlar yaradır, texnologiyalar qərarların qəbul edilməsini sürətləndirir, geosiyasi və coğrafi dəyişikliklər isə bazarları və biznes strategiyalarını yenidən formalaşdırır.
“Bir vaxtlar illərlə öz etibarlılığını qoruyan fərziyyələr və yanaşmalar indi bir neçə ay ərzində dəyişə bilir. Məhz belə bir mühitdə təhsil daha da həyati əhəmiyyət kəsb edir. Lakin bu, sadəcə bizə daha çox informasiya verdiyi üçün belə deyil. Çünki informasiya onsuz da getdikcə bollaşır. Əsl çətinlik nə etmək lazım olduğunu bilməkdir: doğru sualları verməyi bacarmaq, konteksti anlamaq, müxtəlif perspektivləri birləşdirmək, qeyri-müəyyənlik şəraitində düzgün qərarlar qəbul etmək və biliyi əməli fəaliyyətə çevirməkdir”, - deyə “IE University”nin nümayəndəsi bildirib.
Villiam Davila liderliyin mahiyyətinin də məhz bu bacarıqlarda əks olunduğunu diqqətə çatdırıb.
“Mənə görə, bir ölkənin və ya təşkilatın gələcək baxışı sektordan-sektora keçərək fəaliyyət göstərə bilən, qlobal tendensiyaları anlayan və bununla yanaşı, yerli reallıqlarla sıx bağlı qalan insanları tələb edir. Bizə transformasiyanı idarə edə bilən, dəyişikliklərə uyğunlaşmaq bacarığına malik təşkilatlar quran və transformasiyanın, nəhayətində, insanlarla bağlı olduğunu dərk edən liderlər lazımdır”, - deyə o əlavə edib.
O, “PAŞA Holding”, SOCAR və proqramın açılışında təmsil olunan digər təşkilatlarla əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
“Biz “PAŞA Holding”, SOCAR və bu gün burada təmsil olunan digər təşkilatlarla birlikdə bu səyahətə başladığımız üçün böyük qürur duyuruq. Siz “IE”yə etibar etmisiniz və biz bu məsuliyyəti dərindən dərk edirik. Biz buraya sadəcə dərs deməyə gəlməmişik, biz də öyrənməyə gəlmişik”, - deyə Villiam Davila bildirib.
Onun sözlərinə görə, Azərbaycan yalnız “IE University”dən bilik əldə etməməli, universitet də Azərbaycandakı təcrübədən öyrənməlidir.
“Mənə görə, bir universiteti həqiqətən qlobal edən amil də məhz budur: sadəcə biliyi ixrac etmək yox, müxtəlif ekosistemlər arasında körpü yaratmaq və bu kəsişmədən yeni ideyaların yaranmasına imkan vermək”, - deyə o vurğulayıb.
Villiam Davila “AZEMBA” proqramının iştirakçılarına müraciət edərək onları yalnız akademik biliklərə deyil, həmçinin proqram çərçivəsində formalaşacaq əlaqələrə, müzakirələrə və fərqli yanaşmalara diqqət yetirməyə çağırıb.
“Ən dəyərli öyrənmə kimsə sizə doğru cavabı verəndə baş vermir; o, kimsə sizi öz yanaşmanızı yenidən nəzərdən keçirməyə vadar edəndə baş verir”, - deyə o bildirib.
O qeyd edib ki, təxminən 50 il əvvəl Madriddə kiçik biznes məktəbi kimi fəaliyyətə başlayan “IE” bu gün fəaliyyətini qlobal miqyasda davam etdirir və “AZEMBA” proqramının Bakıda başlaması bu inkişafın yeni mərhələlərindən biridir.
“Ümid edirəm ki, illər sonra bu günə geridə qalan zaman kəsiyindən baxanda, onu sadəcə yeni bir MBA proqramının başladığı adi bir gün kimi xatırlamayacağıq. Biz bu günü daha böyük bir şeyin - təhsilə, biliyə, tərəfdaşlığa və etimada əsaslanan “IE” ilə Azərbaycan arasında uzunmüddətli bir əməkdaşlığın başladığı gün kimi görəcəyik”, - deyə Villiam Davila qeyd edib.
“IE University”nin Korporativ Əlaqələr üzrə İcraçı sədri layihənin həyata keçirilməsinə töhfə verən tərəfdaşlara, təşkilat nümayəndələrinə və iştirakçılara təşəkkürünü bildirib.
“IE”yə xoş gəlmisiniz, “AZEMBA”ya xoş gəlmisiniz və “IE” ilə Azərbaycan arasında çox uzun və uğurlu bir hekayənin başlanğıcına xoş gəlmisiniz”, - deyə o əlavə edib.
Qeyd edək ki, İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, PAŞA Holding, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışı olub. Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.