Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,29 ABŞ dolları və ya 1,06 faiz artaraq bir barel üçün 122,37 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları və ya 0,69 faiz artaraq116,30 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,91 ABŞ dolları və ya 1,08 faiz artaraq bir barel üçün 85,12 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,05 ABŞ dolları və ya 0,04 faiz azalaraq bir barel üçün 125,42 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti cümə günü bir barel üçün 100 dollardan aşağı düşərək əvvəlki sessiyada əldə olunan artımı silib və ardıcıl üçüncü sessiyada ucuzlaşıb.
"Bazar iştirakçıları Səudiyyə Ərəbistanının əsas neft kəmərinin fəaliyyətinin dayandırılmasının tədarükə təsirinin ilkin gözləntilərdən daha az olacağını düşünürlər. Peyk görüntülərinə əsasən, Səudiyyə Ərəbistanı son altı gün ərzində Hörmüz boğazından gündəlik 2,8 milyon barel neft keçirib. Avqust ayında bu göstərici cəmi 700 min barel olub.
Məlumatlara görə, Səudiyyə Ərəbistanı sentyabr və oktyabr aylarında yüklənmək üçün Fars körfəzindəki Ras-Tənura limanından Hörmüz boğazından kənarda gəmidən-gəmiyə yükləmə əməliyyatları vasitəsilə 60 milyon barelə qədər xam neft satıb.
“Saudi Aramco”nun kəmər üzrə gündəlik neft axınının yarısını bərpa etməyi gözlədiyinə dair məlumatlar da tədarüklə bağlı narahatlıqları azaldıb.
Bununla belə, cümə axşamı Hörmüz boğazından cəmi dörd əmtəə daşıyan gəminin keçdiyi müəyyən edilib. Hörmüz boğazından daşınan neftin əsas alıcıları Çin və Cənubi Koreyadakı emal zavodlarıdır.
Çin avqust ayında 6,01 milyon ton neft emalı məhsulu ixrac edib ki, bu da illik müqayisədə 12,7 faiz artım deməkdir.
Neftin qiyməti həftə ərzində 0,5 faiz ucuzlaşıb", - məlumatda qeyd edilib.