Bakı. Trend:
"PAŞA Bank”ın kredit portfeli 2026-cı ilin ilk yarısında 4,079 milyard manat təşkil edib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb.
“Kredit portfelini ümumi götürsək, 4,079 milyard manat olub. Bu, ötən ilin müvafiq hissəsi ilə müqayisədə 28 faizlik bir artım olub”, - deyə M.Süleymanov qeyd edib.
Bankın təqdim etdiyi məlumata əsasən, 2026-cı il iyunun sonuna kredit portfelinin 36,6%-i və ya 1,493 milyard manatı ticarət və xidmətlər, 16,5%-i və ya 674,8 milyon manatı tikinti, 11,4%-i və ya 465,5 milyon manatı nəqliyyat və telekommunikasiya, 10,9%-i və ya 444,8 milyon manatı fiziki şəxslərin kreditlərinin payına düşüb. Kredit portfelində istehsalın payı 7,6% (311,8 milyon manat), enerji sektorunun payı 5,7% (234,1 milyon manat), “BOKT"ların payı isə 5% (203,3 milyon manat) təşkil edib.
Murad Süleymanovun sözlərinə görə, kredit portfelinin bölgüsü bankın iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun maliyyələşdirilməsinə yönəlmiş fəaliyyətini əks etdirir.
“Kredit portfelinin bölgüsünə baxsaq, kredit portfeli qeyri-neft sektorunda, xüsusilə ticarət, xidmət, nəqliyyat və kommunikasiya kimi sahələrdə formalaşıb”, - deyə o bildirib.
Kreditlərin valyuta strukturuna gəldikdə, iyunun sonuna portfelin 2,199 milyard manatlıq hissəsi manat, 1,880 milyard manatlıq hissəsi isə xarici valyutada olub. Beləliklə, kreditlərin təxminən 54%-i manatla, 46%-i xarici valyutada təqdim edilib.
Bankın ümumi aktivləri 2026-cı il iyunun 30-na 9,979 milyard manat təşkil edib. Aktivlərin strukturunda müştərilərə verilmiş kreditlərin payı 39,9%-ə çatıb. Müqayisə üçün, 2025-ci ilin sonunda bu göstərici 38,5% olub.
M.Süleymanov aktivlərin strukturunda maliyyə alətlərinin də əhəmiyyətli paya malik olduğunu bildirib. Onun sözlərinə görə, bankın aktivlərinin 57%-dən çoxu maliyyə alətlərində yerləşdirilib və bu vəsaitlərin tərkibində dövlət qiymətli kağızları və dövlət təşkilatlarının istiqrazları mühüm yer tutur.
“Aktivlərin 57 faizi kifayət qədər böyük bir göstəricidir. Həm bizim adekvatlığımızı, həm də likvidlik vəziyyətimizi göstərir”, - deyə Baş Maliyyə İnzibatçısı vurğulayıb.
Eyni zamanda, bankın investisiya qiymətli kağızları portfeli 2026-cı ilin ilk yarısında 1,610 milyard manat olub. Bu göstərici 2025-ci ilin sonundakı 2,570 milyard manatla müqayisədə 37,4% azalıb. Bankın fondlar vasitəsilə verdiyi kreditlərin ümumi həcmi isə 440,2 milyon manat təşkil edib.
M.Süleymanov qeyd edib ki, bu istiqamətdə sahibkarlara dəstək proqramları, o cümlədən müvafiq fondlar vasitəsilə maliyyələşdirmə davam etdirilib.
“Fond vasitəsilə maliyyələşmələrə baxsaq, ümumi maliyyələşmə 440 milyon manat olmuşdur. Burada xüsusilə fondlar vasitəsilə sahibkarlara dəstək proqramı davam etmişdir. Ötən ilin bu 6 ayı ilə müqayisədə portfelimiz təxminən 20 faiz artmışdır”, - deyə o əlavə edib.
Maliyyə İnzibatçısı kredit portfelinin keyfiyyət göstəricilərinin də qənaətbəxş səviyyədə qaldığını bildirib. Onun sözlərinə görə, kredit portfelinin mərhələlər üzrə bölgüsündə gecikmələrlə bağlı göstəricilər aşağı səviyyədədir.