Bakı.Trend:
Rusiya Azərbaycandan elektrik enerjisi alışını təxminən 8 faiz artırıb.
Dövlət Statistika Komitəsi tərəfindən dərc olunan “2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya 73,210 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Qeyd olunub ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,247 milyon ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə fiziki ifadədə 5,086 milyon kVt/saat və ya 7,5 faiz, dəyər ifadəsində isə 268 min ABŞ dolları və ya 9 faiz artıb.
Eyni zamanda, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan Rusiyadan 46,203 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. İdxalın dəyəri 1,827 milyon ABŞ dolları təşkil edib.
Trend-in komitənin məlumatları əsasında hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64 min ABŞ dolları və ya 3,6 faiz çox, fiziki ifadədə isə 4,298 milyon kVt/saat və ya 8,5 faiz azdır.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə üç ölkəyə - Rusiya, Gürcüstan və İrana 298,323 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib. İxracın dəyəri 15,694 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrik enerjisi ixracı dəyər ifadəsində 25,9 milyon ABŞ dolları və ya 62,3 faiz, fiziki ifadədə isə 439,1 milyon kVt/saat və ya 59,5 faiz azalıb.
Bundan əlavə, cari ilin ilk yeddi ayında Azərbaycan yuxarıda qeyd olunan ölkələrdən 123,279 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. İdxalın dəyəri 6,190 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,442 milyon ABŞ dolları və ya 65,2 faiz, fiziki ifadədə isə 31,591 milyon kVt/saat və ya 34,5 faiz çoxdur.