Bakı.Trend:
"Eni" şirkətinin Kot-d'İvuardakı Baleine layihəsindəki 10 faizlik payını Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) satması İtaliya şirkətinin upstream portfelinin optimallaşdırılması strategiyasına uyğundur.
"Eni"nin yaydığı məlumatda bildirilib ki, şirkət layihələrdəki iştirak paylarını satmaqla kəşfiyyat nəticələrinin monetizasiyasını sürətləndirməyə çalışır.
“Sövdələşməyə yekun vurulduqdan sonra Baleine layihəsində iştirakçıların payları aşağıdakı kimi bölüşdürüləcək: Eni – 37,25%, Vitol – 30%, SOCAR – 10%, Petroci – 22,75%”, - deyə şirkətdən bildirilib.
"Eni" 2015-ci ildən Kot-d'İvuarda fəaliyyət göstərir. Baleine şirkətin ölkədə yatağın işlənməsi üzrə ilk layihəsi, həmçinin Afrikada sıfır emissiya səviyyəsinə malik ilk layihəsidir.
Baleine yatağı Kot-d'İvuarda son kommersiya kəşfindən iki onillik sonra, 2021-ci ildə aşkarlanıb. Burada hasilata 2023-cü ildə başlanılıb.
Hazırda layihənin birinci və ikinci mərhələləri çərçivəsində günə 57 min bareldən çox neft və 78 milyon kubfutdan çox qaz hasil edilir. Üçüncü mərhələnin işə salınmasından sonra hasilatın günə 150 min barel neftə və 200 milyon kubfut qaza çatacağı gözlənilir.
“Baleine ilə yanaşı, hövzənin yüksək potensialını Eni-nin 90 faiz paya malik olduğu və operator kimi çıxış etdiyi "Calao" və "Calao South" yataqlarının kəşfi də təsdiqləyir. Bunlar Baleine-dən sonra ölkədəki ən böyük kəşflərdir və "Eni"nin Kot-d'İvuardakı mövcudluğunu gücləndirir”, - deyə Eni-dən bildirilib.
Qeyd edək ki, daha əvvəl SOCAR layihədə payın əldə edilməsinin şirkətin Afrikada neft və qaz hasilatı sektoruna daxil olmasını ifadə etdiyini və karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində qlobal mövcudluğunun genişləndirilməsinə dair uzunmüddətli strategiyasına uyğun olduğunu açıqlayıb.