Bakı. Trend:
Gələcəyin əmək bazarında ən vacib bacarıq müxtəlif şəraitlərə uyğunlaşmaq və çevik fəaliyyət göstərmək qabiliyyəti olacaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövr anlayışları dəyişir və bu şəraitdə ömürboyu təhsil xüsusi əhəmiyyət daşıyır.
“Gələcəyin dünyasında ömürboyu təhsil (lifelong learning) anlayışı həlledici əhəmiyyət kəsb edir”, - deyə R.Nəcəf qeyd edib.
Onun sözlərinə görə, avtomatlaşdırma, robototexnika, süni intellekt və kibertəhlükəsizlik kimi sahələrin əhəmiyyəti gündən-günə artır.
“Biz hələ də bu məsələnin miqyasını tam dərk edə bilmirik. Gələcəyin ən vacib bacarığı uyğunlaşma qabiliyyətidir. Müxtəlif şəraitlərdə fərqli şəkildə düşünmək və çevik fəaliyyət göstərmək əsas şərtə çevrilir”, - SOCAR prezidenti vurğulayıb.
R.Nəcəf qeyd edib ki, süni intellektdən istifadənin genişlənməsi ilə yanaşı, bu texnologiyaların əlçatmaz olduğu mümkün ssenarilərə də hazır olmaq lazımdır.
“Əgər bir gün bu texnologiyalar əlçatmaz olarsa, biz onlarsız işlərimizi davam etdirə biləcəyikmi?” - deyə o sual edib.
Onun sözlərinə görə, bu səbəbdən ənənəvi peşə və təməl bacarıqlar öz aktuallığını itirməməli, həm dövlət, həm də özəl sektorda rəhbərlər müxtəlif fəaliyyət ssenarilərini nəzərdə tutan A, B və C planlarına malik olmalıdırlar.
“Peşə məktəblərində süni intellekt və robototexnika ilə yanaşı, ənənəvi bacarıqlar və öyrətmək qabiliyyəti də aşılanmalıdır. Tarix boyu çox istedadlı insanlar olub, lakin onlar öz biliklərini növbəti nəsillərə ötürə bilməyiblər”, - R.Nəcəf bildirib.
SOCAR prezidenti SABAH.city innovasiya şəhərciyinin gələcəkdə yalnız infrastruktur və texnoloji yeniliklər məkanı deyil, azad düşünən və fərqli ideyalar irəli sürən insanlar üçün yaradıcı mühit olmasını arzuladığını deyib.
“Təqdim olunan bu məkanın hər şeydən əvvəl azad düşünən, çərçivələrdən kənara çıxan, təhlükəli və fərqli ideyalarla gələn zəkalar üçün bir “ev” olmasını arzulayıram. Qəhvəsi və şəraiti olan yerlər çoxdur, lakin insanın özünü evindəki kimi rahat və yaradıcı hiss etdiyi məkanlar azdır”, - deyə o qeyd edib.
R.Nəcəf bildirib ki, SOCAR peşə təhsili proqramları vasitəsilə yalnız öz ehtiyaclarını deyil, digər şirkətlərin də tələblərini qarşılamağa çalışır.
O əlavə edib ki, gələcəkdə baş verəcək dəyişiklikləri dəqiq proqnozlaşdırmaq çətindir və hətta süni intellekt sahəsinin aparıcı mütəxəssisləri belə 5-15 il sonranı dəqiq müəyyənləşdirə bilmirlər.
“Bəşəriyyət tarixi boyu bir çox təməl bacarıqları unudub. Ulduzlarla yol tapmaq, təbii yolla od qalamaq və ya bitkilərlə müalicə etmək kimi bacarıqları artıq böyük əksəriyyətimiz bilmir. Əgər kritik düşünmə qabiliyyətimizi də süni intellektə həvalə edib itirsək, bu geri dönməz bir proses ola bilər”, - R.Nəcəf vurğulayıb.
SOCAR prezidenti qeyd edib ki, əsas hədəf texnologiyanın inkişafı ilə yanaşı, insani düşüncənin və uyğunlaşma qabiliyyətinin də inkişaf etdirilməsi olmalıdır.
Qeyd edək ki, Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə sentyabrın 17-18-də “Baku ID 2026” innovasiya festivalı keçirilir.
“Baku ID” investorları, startapları və ekosistemin aparıcı nümayəndələrini bir araya gətirib. Festival bu il ilk dəfə Azərbaycanın gələcək texnoloji inkişaf mərkəzlərindən biri olan “SABAH.city” innovasiya şəhərciyində keçirilir. Sənaye, elm, kapital və dövlət sektorlarını vahid mühitdə birləşdirən “SABAH.city” ölkənin innovasiya potensialının inkişafına xidmət edən müasir ekosistem kimi formalaşdırılır.
İkigünlük festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxildir. Süni intellekt, vençur kapitalı, mələk investisiyaları, eləcə də maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə keçiriləcək müzakirələrdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyalar nəzərdən keçiriləcək.
Festival çərçivəsində yerli və beynəlxalq startaplar öz həllərini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika regionu və digər beynəlxalq bazarları təmsil edən investorlar qarşısında təqdim edəcəklər.