Bakı. Trend:
Təhsil, innovasiya, real iqtisadi subyektlər, tələbat və dəstəkləyici dövlət siyasəti bir araya gəldikdə uğur qazanmaq üçün əlverişli şərait yaranır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SABAH.city innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda inkişaf etdirilən innovasiya ekosistemi sürətli hərəkət etmək və regional təsir imkanlarına malik olmaq baxımından böyük əhəmiyyət daşıyır.
M.Cabbarov müasir dünyada heç bir ölkənin və ya iqtisadiyyatın hər şeyi bildiyini və hər sahədə ən yaxşı olduğunu iddia etməsinin doğru olmadığını qeyd edib.
“Müasir qarşılıqlı bağlılıq dünyasında “biz hər şeyi bilirik” və ya “hər şeydə ən yaxşısı bizik” iddiasında bulunmaq hər kəs üçün çox təhlükəli olar. Əsas məsələ inteqrasiya, ideyaların axını, insanların təcrübə mübadiləsi, sərhədlərarası əməliyyatlar və investisiyalardır”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, konkret məhsul və ya xidmətə fokuslanmaqla yanaşı, həmin məhsul və xidmətlərin yaranmasına imkan verən düzgün mühitin formalaşdırılması vacibdir.
“Daha əvvəl də qeyd etdiyim kimi, təhsil, innovasiya, real iqtisadi subyektlər, tələbat və dəstəkləyici dövlət siyasəti bir araya gəldikdə, uğur qazanmaq sadəcə zaman və ehtimal məsələsinə çevrilir”, - M.Cabbarov bildirib.
Nazir qeyd edib ki, insan resursu və istedad iqtisadi inkişaf üçün ən böyük kapitaldır.
“Konkret bir məhsul və ya xidmətə köklənməkdənsə, doğru mühit yaratmaq lazımdır. Ağaclar da yalnız münasib mühit olduqda böyüyür. Bu mənada insan resursu və istedad ən böyük kapitaldır”, - deyə o əlavə edib.
M.Cabbarov innovatorların roluna da toxunaraq bildirib ki, bu sahədə fəaliyyət göstərən şəxslər yeni ideyaların və innovasiyaların əsas hərəkətverici qüvvəsidir.
“Əgər mən innovator olsaydım, nazir olmazdım. Bu zalda və zalın xaricində olan innovatorlar bizdən çox daha yaxşı innovatorlardır və elə buna görə də onlar buradadırlar”, - deyə nazir qeyd edib.