Bakı. Trend:
Beynəlxalq ictimaiyyət cəzasızlığın qarşısının alınması istiqamətində səylərini davam etdirməli, qurbanlara, sağ qalanlara və onların ailələrinə dəstəyini nümayiş etdirməli, milli səviyyədə məsuliyyətə cəlbetmə proseslərinə yardım göstərməli və ən ağır cinayətləri törədən şəxslərin məsuliyyətdən yayınmasına xidmət edən dezinformasiya kampaniyalarına qarşı mübarizəni gücləndirməlidir.
Bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Tale Əliyev BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişə vəziyyətlərində beynəlxalq hüququn qorunması” mövzusunda Arria formulası üzrə keçirilən iclasında deyib.
"İlk növbədə, bu mühüm müzakirənin keçirilməsinə görə Pakistanın BMT yanında Daimi Nümayəndəliyinə təşəkkürümüzü bildirmək istərdik.
Silahlı münaqişələr beynəlxalq hüququn ciddi şəkildə pozulması, mülki əhali arasında yüksək ölüm və xəsarət halları, habelə mülki obyektlərin və həyati əhəmiyyətli mülki infrastrukturun, o cümlədən işğal vəziyyətlərində, qəsdən və ya ayrı-seçkilik qoyulmadan hədəfə alınması ilə müşayiət olunmaqda davam edir.
Azərbaycanın təcrübəsi beynəlxalq sistemin məhdudiyyətlərini göstərir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar ölkəmizə qarşı törədilmiş təcavüzün və beynəlxalq hüququn ciddi şəkildə pozulmasının qarşısını ala, eləcə də ərazilərimizin təxminən üç onillik davam edən işğalına son qoya bilmədilər.
Hər şeydən əvvəl, beynəlxalq hüquqa riayət etmək və məsuliyyətin təmin olunması üçün siyasi iradə lazımdır.
Silahlı münaqişələr zamanı müəyyən əməllər beynəlxalq hüquqa əsasən ağır cinayətlər təşkil edir və məcburedici normalarla (jus cogens) qadağan olunur. Eyni zamanda, bu əməllər bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında mövcud olan öhdəliklərin (erga omnes) ciddi şəkildə pozulması ilə müşayiət olunur.
Beynəlxalq hüquqa əsasən bütün dövlətlər bu cür əməlləri araşdırmaq, məsul şəxsləri cinayət təqibinə məruz qoymaq və cinayət törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək öhdəliyi daşıyır.
Bu öhdəliklər bir sıra hüquqi baxımdan məcburi sənədlərdən, habelə beynəlxalq adət hüququndan irəli gəlir. Buna görə də ən ağır beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə ümumi amnistiyalar, de-fakto cəzasızlıq və ya digər toxunulmazlıq formaları, eləcə də onların vaxtından əvvəl azadlığa buraxılması dövlətlərin beynəlxalq hüquq üzrə öhdəlikləri ilə uzlaşmır.
Beynəlxalq ictimaiyyət cəzasızlığa qarşı mübarizədə qətiyyətini qoruyub saxlamalı, qurbanların, sağ qalanların və onların ailələrinin yanında olmalı, milli səviyyədə məsuliyyətə cəlbetmə səylərini dəstəkləməli və ən ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin azadlığa buraxılmasına yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmalıdır.
Təcrübə göstərir ki, cəzasız və ya etiraf edilmədən qalan vəhşiliklər sülhə mane ola, barışıq prosesinə əngəl törədə və yeni münaqişənin yaranması üçün əlverişli şərait yarada bilər. Soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və ya beynəlxalq terrorizmin cəzasız qalmasına yol verilməsi davamlı sülhün söykənməli olduğu təməli sarsıtmaq riski yaradır.
Sülh və məsuliyyət bir-birinə zidd məqsədlər deyil. Sülhə nail olmaq ədalət hesabına başa gəlməməlidir. Məsuliyyət olmadan həqiqi barışıq, ədalət olmadan isə davamlı sülh mümkün deyil", - deyə Tale Əliyev çıxışında bildirib.