Sumqayıt. Trend:
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində cihazlaşdırma və avtomatlaşdırma layihəsi çərçivəsində fiziki quraşdırma və təmir-tikinti işlərinə gələn ildən başlanılması nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı deyib.
O bildirib ki, layihənin mühəndislik, yəni layihələndirmə mərhələsi hazırda 98 faiz tamamlanıb.
"Növbəti ildən etibarən sahədə fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılacaq. Layihə tam başa çatdıqdan sonra zavodun idarəetmə sistemləri tam avtomatlaşdırılacaq, əməliyyatların təhlükəsizliyi və etibarlılığı daha da yüksəldiləcək", - deyə E.Məmmədli bildirib.
Baş direktor qeyd edib ki, "Azərkimya" İstehsalat Birliyi Neft Emalı Zavodu ilə "SOCAR Polymer" arasında mühüm əlaqələndirici halqa rolunu oynayır.
Onun sözlərinə görə, "Azərkimya" Neft Emalı Zavodundan daxil olan yüngül fraksiyaları emal edir və "SOCAR Polymer" üçün etilen və propilen xammalı təmin edir.
E.Məmmədli həmçinin bildirib ki, əvvəl hər il həyata keçirilən əsaslı təmir işlərinin intervalı texniki təkmilləşdirmələr nəticəsində iki ildə bir dəfəyə qədər uzadılıb. Bununla da təmir işlərinə sərf olunan maliyyə vəsaitinin əhəmiyyətli dərəcədə azaldılması mümkün olub.
O qeyd edib ki, zavodda hazırda 1900 əməkdaş çalışır.
Məlumata görə, SOCAR-ın Etilen-Polietilen zavodunda ildə 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal olunur.
Zavodun yüksək təzyiqli polietilen istehsalı üzrə "Polimir-120" qurğusunun illik istehsal gücü 120 min ton təşkil edir. Burada aşağı sıxlıqlı polietilen (LDPE) istehsal olunur.
Müəssisənin enerji təsərrüfatında isə buxar-elektrik enerjisi istehsalı həyata keçirilir. Bu sahənin istehsal gücü saatda 480 ton buxar və 68 MVt elektrik enerjisidir.