Bakı. Trend:
Vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğu maliyyələşdirmə cinayəti törətdikdə hüquqi şəxsə onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Cinayət Məcəlləsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;Qanun layihəsinə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində yuxarıda nəzərdə tutulmuş vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğu maliyyələşdirmə cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
Layihə ilə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.
Təklif olunan tənzimləmə Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri və FATF (“Financial Action Task Force”, Çirkli Pulların Yuyulması üzrə Maliyyə Tədbirləri üzrə İşçi Qrup) standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.