Xəbər verdiyimiz kimi, qan qohumlarının nikaha daxil olması qadağan edilə bilər. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Metbuat.az mövzu ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova ilə söhbətləşib. Deputat bildirib ki, ailələrin sağlam mühitinin təşkili, onun uğurlu olması üçün qanunvericilik bazamız davamlı olaraq təkmilləşdirilir:
"Məqsədimiz hər bir vətəndaşımızın hüquqlarını qorumaq, mövcud boşluqların və çətinliklərin qarşısını almaqdır. Ailə cəmiyyətin əsasıdır. Bu əsaslar sağlam təməl üzərində qurulanda, daha da möhkəm olur. Lakin neqativ halları da müəyyən etmək və onların həllinə nail olmaq hamımızın vəzifəsidir. Bu mənada erkən yaşda qurulan ailələr, qohum evlilikləri bizi daim narahat edir.
Tibb işçiləri və alimlər bunun həm ailələr, həm də millətin gələcəyi üçün nə qədər zərərli olduğunu dəfələrlə deyib. Elmi araşdırmalar göstərir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Bu da ailələrdə problemlərə səbəb olur".
Deputat son olaraq bildirib ki, qanunvericilikdə olan dəyişikliklərə insanların müsbət yanaşacağına inanır.
Seyranə Quliyeva / Metbuat.az