Şuşa. Trend:
Azərbaycan Meksikanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi davamlı və qətiyyətli dəstəyi yüksək qiymətləndirir.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda deyib.
Azərbaycanın torpaqları işğal altında olduğu zaman Meksikanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi istiqamətindəki əzmli mövqeyini biz yüksək qiymətləndiririk və Azərbaycan xalqı bunu çox dəyərləndirir”, – H.Hacıyev bildirib.
O qeyd edib ki, bu prinsiplər Azərbaycan və Meksika arasında dostluq münasibətlərinin təməlində mühüm rol oynayır.
Prezidentin köməkçisi vurğulayıb ki, hazırda Azərbaycanla Meksika arasında yaxın siyasi əlaqələr və fəal siyasi dialoq mövcuddur, ölkələr arasında müntəzəm siyasi məsləhətləşmələr keçirilir.
“Demək olar ki, beynəlxalq münasibətlərin bugünkü gündəliyində duran fundamental məsələlərin əksəriyyətinə münasibətdə Meksikanın və Azərbaycanın mövqeyi üst-üstə düşür. Ölkələrimiz dostluğu, tərəfdaşlığı, beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət əsasında dövlətlərarası münasibətləri, beynəlxalq münasibətlərdə haqqı və ədaləti dəstəkləyir”, – Hikmət Hacıyev əlavə edib.