Şuşa. Trend:
Azərbaycan və Meksika arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksika Respublikasının Müstəqillik Günü şərəfinə keçirilən rəsmi qəbulda deyib.
H.Hacıyev bildirib ki, iki ölkə arasında əlaqələrin iqtisadi, ticarət, mədəni, humanitar, investisiya, enerji və digər sahələrdə inkişaf etdirilməsi üçün geniş perspektivlər var.
“Ölkələrimiz arasında müəyyən coğrafi məsafə var, amma bu coğrafi məsafə, şübhəsiz ki, bizim üçün problem deyil. Hər iki ölkənin qəti əzmi vardır ki, əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf etsin”, – o qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, xüsusilə iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı istiqamətində iki ölkənin aidiyyəti qurumları arasında təmaslar davam edir.
“Bu zəngin potensialın ortaya çıxarılması, ölkələrimizin mənafeyi naminə inkişaf etdirilməsi baxımından zəruri imkanlar vardır”, – H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Meksikanın Latın Amerikası regionunda dinamik inkişafını və G20-də aparıcı dövlətlərdən biri kimi rolunu yüksək qiymətləndirir.