Bakı.Trend:
Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır.
Bu barədə Trend-in əldə etdiyi "Moody’s"in son hesabatında qeyd olunub.
Reytinq agentliyinin məlumatına görə, bu, Azərbaycanın Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinin olması, neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlıq, eləcə də manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliklə əlaqədardır.
Ümumilikdə, "Moody’s" qeyd edir ki, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların bahalaşması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.
Hesabatda bildirilir: “Kreditləşməsində fiziki şəxslərin, eləcə də kiçik və orta biznesin payı əhəmiyyətli olan banklar inflyasiya təzyiqinə xüsusilə həssasdır”.
Moody’s, xüsusilə, inflyasiyanın hazırda yüksək olan səviyyələrdən daha da artacağı təqdirdə Qazaxıstanın bank sektorunun yüksək həssaslıq göstərəcəyini qeyd edir. Çünki bu, əhalinin alıcılıq qabiliyyətinin daha da azalmasına səbəb olacaq.
“Davam edən qiymət təzyiqləri və kreditlər üzrə yüksək faiz dərəcələri kreditlərə tələbi və borcalanların borclarını ödəmək imkanlarını məhdudlaşdıraraq bankların fəaliyyət şəraitinin yaxşılaşmasını ləngidir. Yüksək faiz dərəcələrinin uzun müddət davam etməsi Qırğızıstan banklarına da müəyyən təzyiq göstərə bilər. Burada iri və sürətlə böyüyən pərakəndə kredit portfelləri ev təsərrüfatlarının maliyyə vəziyyətindəki dəyişikliklərə həssaslığı artırır”,-deyə "Moody’s" analitikləri bildirirlər.
Bundan əlavə, "Moody’s" hesab edir ki, regional geosiyasi risklərin artması və ya qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə zəifləməsi şəraitində Mərkəzi Asiya və Qafqaz ölkələrindən kapital axını milli valyutaları zəiflədə bilər. Hazırda belə bir ssenari gözlənilmir.
“Bu, inflyasiyanı gücləndirəcək və Mərkəzi Asiya və Qafqaz ölkələrində əhəmiyyətli valyuta risklərinə malik bankların borc yükünü artıracaq. Azərbaycan bankları bu riskə ən az məruz qalan banklardır. Çünki manat faktiki olaraq ABŞ dollarına bağlıdır və bu da iqtisadiyyatı və bank sistemini məzənnə dəyişkənliyindən qorumağa kömək edir”,-deyə hesabatda bildirilir.
"Moody’s"in qiymətləndirməsinə görə, regionda ixracatçılar, xüsusilə neft və qaz istehsalçıları, milli valyutanın zəifləməsindən, ümumilikdə, faydalanırlar. Belə ki, xarici valyutada əldə olunan gəlirlər milli valyutada olan xərclərə qarşı təbii hedcinq rolunu oynayır.
Qazaxıstanda şirkətlər də nisbətən dayanıqlı vəziyyətdədir. Bir neçə valyuta şokundan sonra ixracyönümlü olmayan şirkətlər milli valyutada maliyyələşməyə keçməklə gəlirləri ilə borc öhdəlikləri arasındakı uyğunsuzluq riskini azaldıblar. Eyni zamanda, Özbəkistan şirkətləri valyuta risklərinə daha çox məruz qalır, çünki onların xarici valyutada olan borcları hələ də əhəmiyyətli həcmdədir.