Bakı.Trend:
Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr Bankı"nın səhmlərinin 51 faizini təxminən 1,65 trilyon sum (140 milyon dollar) qarşılığında əldə edib.
Bu barədə Daşkənd Respublika Fond Birjasının ticarət əməliyyatlarının nəticələrindən məlum olub.
Sövdələşmə sentyabrın 10-da ardıcıl altı ticarət əməliyyatı çərçivəsində həyata keçirilib. ABB hər birinin qiyməti 32 281,28 sum (təxminən 2,74 dollar) olan 51 milyon ədəd adi səhm əldə edib.
Sövdələşmənin qiymətindən çıxış edərək, "Davr Bank"ın kapitalının ümumi dəyəri təxminən 3,23 trilyon sum, yaxud 280 milyon dollar qiymətləndirilir. Beləliklə, bankın qiymətləndirilməsi bir səhmin balans dəyəri 23 947,66 sum (təxminən 2,03 dollar) olmaqla, onun balans dəyərinin təxminən 1,35 mislinə bərabərdir.
Qiymətləndirmə "Davr Bank"ın son maliyyə nəticələrini də əks etdirir. Audit olunmuş maliyyə hesabatına əsasən, bank 2025-ci ildə 566,3 milyard sum (təxminən 48 milyon dollar) xalis mənfəət əldə edib ki, bu da əvvəlki ilin göstəricisindən 54,4 faiz çoxdur.
Özbəkistanın korporativ informasiya portalında dərc olunan məlumatlara əsasən, 2026-cı ilin ilk yarısında "Davr Bank"ın xalis mənfəəti 368,7 milyard sum (təxminən 31,3 milyon dollar) təşkil edib.
Bankın cari maliyyə göstəricilərinə əsasən, səhm üzrə mənfəət (EPS) 7 022,60 sum (təxminən 0,60 dollar), kapitalın rentabelliyi (ROE) 29,3 faiz, aktivlərin rentabelliyi (ROA) isə 5,3 faiz təşkil edir. Sövdələşmə qiymətinə əsasən, P/E əmsalı 4,6, P/B əmsalı isə 1,35 olub.
Sövdələşmə Azərbaycanla Özbəkistan arasında bank sektorunda həyata keçirilən mühüm transsərhəd əməliyyat olmaqla yanaşı, ABB-nin 2026–2028-ci illər üzrə coğrafi genişlənmə strategiyası çərçivəsində ilk böyük addımdır. Bu əməliyyat Azərbaycan bankına Özbəkistanın sürətlə inkişaf edən bank bazarının iştirakçısına nəzarəti təmin edir.
“ABB Davr” brendi altında bank korporativ və pərakəndə müştərilər üçün rəqəmsal həllər, süni intellekt əsaslı texnologiyalar və yeni maliyyə məhsulları tətbiq etməyi planlaşdırır. Xüsusi diqqət kiçik və orta biznes üçün imkanların genişləndirilməsinə yönəldiləcək.
“ABB Bankın yeni strateji dövr üzrə coğrafi genişlənmə məqsədlərinin həyata keçirilməsində ilk tarixi addımının qardaş Özbəkistanda atılması bizim üçün böyük şərəfdir. Biz bu layihəyə Özbəkistanda uzunmüddətli fəaliyyətimizin təməli kimi baxırıq və biznes, vətəndaşlar və ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmağı qarşıya məqsəd qoyuruq. Məqsədimiz yeni imkanlar yaratmaq, iqtisadi artıma dəstək vermək və Azərbaycanla Özbəkistan arasında tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verməkdir”, - deyə ABB İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.