Bakı. Trend:
Humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu artıq ayrı-ayrı gündəmlər kimi nəzərdən keçirilə bilməz.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu TİKA-nın prezidenti Abdullah Eren Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində keçirilən “Davamlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıqlar” adlı panel sessiyada deyib.
O bildirib ki, son illərdə dünyada münaqişələrin sayı artıb, Avropa və Yaxın Şərqdə müharibələr davam edir, Qəzzada isə insanların öz evlərindən didərgin düşməsi və yoxsulluğun kövrəklik səviyyəsinə keçməsi ciddi narahatlıq doğurur.
“Humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu əlaqəsi çox vacibdir. Bunları artıq ayrı gündəmlər kimi nəzərdən keçirə bilmərik”, - deyə A.Eren vurğulayıb.
TİKA rəhbəri Türkiyənin humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu istiqamətindəki fəaliyyətinin Somali və Ukrayna kimi ölkələrdə konkret nümunələrinin olduğunu bildirib.
O qeyd edib ki, daha təmsilçi və ədalətli dünya nizamının yaradılması hər hansı ölkəyə qarşı yönəlmiş tələb deyil.
TİKA rəhbəri Türkiyənin təcrübəsindən çıxan üç əsas məqamı diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda şaquli deyil, daha çox üfüqi əməkdaşlıq modelinə keçid müşahidə olunur.
“Əvvəlki model şaquli idi. Donor ölkələr və yardım alan ölkələr var idi. Donor ölkələr yardımı müəyyən şərtlərlə yardım alan ölkələrə göndərirdi. Yeni model isə bərabərlər arasında əməkdaşlıqdır. Burada bilik, texnologiya və təcrübə eyni vaxtda bütün istiqamətlərdə hərəkət edir”, - deyə o əlavə edib.
A.Eren vurğulayıb ki, humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu vahid prosesin tərkib hissələridir.
O, Qəzzadakı vəziyyəti nümunə göstərərək hazırda humanitar yardım mərhələsinin davam etdiyini, sərhədlərin bağlı olduğunu deyib.
“Biz TİKA olaraq Ramallahda fəaliyyət göstəririk, əvvəllər Qəzzada da fəaliyyət göstərirdik. Təəssüf ki, hazırkı şəraitdə fəaliyyət göstərə bilmirik. Lakin bu üç sektor bir araya gəlir və biz artıq vahid davamlı prosesdən danışırıq”, - deyə A.Eren qeyd edib.
TİKA prezidenti son illərdə Cənub-Cənub və üçtərəfli əməkdaşlığın əhəmiyyətinin artdığını da vurğulayıb. O bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) büdcəsindəki ixtisarlar fonunda inkişaf əməkdaşlığının gələcəyi ilə bağlı narahatlıqlar yaranıb.
Onun sözlərinə görə, bu məsələ xüsusilə kövrək Afrika ölkələri üçün əhəmiyyətlidir.
“Əlbəttə, maliyyələşmə böyük sualdır. Bizə böyük büdcələr lazımdır. Son bir neçə ildə rəsmi inkişaf yardımlarının həcmi təəssüf ki, azalır. Pul olmadan bu layihələri həyata keçirə bilmərik. Lakin məsələ yalnız puldan ibarət deyil. Bizə ekspertiza da lazımdır və yerli institutları əvəz etmək əvəzinə onları gücləndirməliyik”, - deyə A.Eren bildirib.
O qeyd edib ki, TİKA hazırda 53 ölkədə 57 ofislə fəaliyyət göstərir.