Bakı.Trend:
Dünya Bankı sentyabrın 27-də Orta Dəhliz üzrə ikinci hesabatını dərc etməyə hazırlaşır. Hesabat Transxəzər Nəqliyyat Dəhlizinin bütün doqquz iştirakçı ölkəsini əhatə edəcək.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda nəqliyyat və logistika məsələləri üzrə baş mütəxəssisi Luis Blankas Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.
Onun sözlərinə görə, Dünya Bankının Orta Dəhliz üzrə ilk hesabatı 2023-cü ildə hazırlanıb. O qeyd edib ki, həmin hesabat dəhlizin keçdiyi yalnız üç ölkəni əhatə edib və mümkün olduğu qədər əhatəli olmayıb.
“Hazırda əvvəlki hesabatın davamı olacaq yeni əsas hesabat hazırlayırıq. Hesabat sentyabrın 27-də dərc olunacaq”, – deyə Blankas bildirib.
O qeyd edib ki, yeni hesabat Orta Dəhlizin bütün doqquz iştirakçı ölkəsini, eləcə də bütün yük növlərini, infrastrukturu, xidmətlərin göstərilməsini, transsərhəd əməkdaşlığı, ticarət prosedurlarının sadələşdirilməsini və dəhlizin iqtisadi nəticələrini əhatə edir.
“Bu, həqiqətən də hərtərəfli hesabatdır”, – deyə o bildirib.
Blankasın sözlərinə görə, hesabatın təqdimatı ilə bağlı ilk tədbir oktyabrın 1-də Tbilisidə keçiriləcək. O qeyd edib ki, tədbir canlı yayımlanacaq, daha sonra isə onun videoyazısı əlçatan olacaq.
“Biz həmçinin dəhlizin digər hissələrində nəticələrin təqdimatı ilə bağlı əlavə tədbirlər keçirəcəyik. Böyük ehtimalla, bu tədbirlər Astanada, Türkiyədə və ola bilsin ki, Bakı da daxil olmaqla regionun digər yerlərində təşkil olunacaq”, – deyə o bildirib.
Blankas qeyd edib ki, Dünya Bankının hesabatında dəhlizin inkişafı ilə bağlı ən mühüm, kritik və təxirəsalınmaz 16 məsələ müəyyən edilib.
“Onların ümumi təxmini dəyəri təxminən 25 milyard ABŞ dollarıdır. Yaxşı xəbər ondan ibarətdir ki, onların əksəriyyəti artıq həyata keçirilir. Bu 25 milyard ABŞ dollarının dörddə üçündən çoxu həcmində investisiyalar artıq icra mərhələsindədir”, – deyə o bildirib.
O, nümunələrdən biri kimi İstanbulda Bosfor boğazından alternativ keçidin yaradılması layihəsini göstərib və bildirib ki, bu layihə Türkiyə istiqamətində Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Dünya Bankı aparıcı maliyyələşdirici qurumdur, lakin yeganə qurum deyil. Maliyyələşməyə bir çox tərəfdaşımız da cəlb olunub: Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı”, – deyə o bildirib.
Blankasın sözlərinə görə, bu əməliyyatın həcmi 8,2 milyard ABŞ dollarıdır.
O, həmçinin Divriği ilə Gürcüstan sərhədi arasındakı 660 kilometrlik dəmir yolu xəttinin modernləşdirilməsinin zəruriliyini qeyd edib.
“Orta Dəhlizin Çin-Qazaxıstan sərhədindən Türkiyə-Bolqarıstan sərhədinədək bütün uzunluğu boyunca ən məhdud imkanlara malik hissə Divriqi ilə Gürcüstan sərhədi arasındakı dəmir yolu xəttidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda bu xətt Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə yenidən qurulur və modernləşdirilir. Əməliyyatın həcmi 1,2 milyard ABŞ dollarıdır.
Blankas daha bir nümunə kimi Gürcüstanın dəniz limanlarının yükötürmə qabiliyyətini göstərib.
“Poti demək olar ki, öz texniki imkanlarının son həddinə çatıb: konteyner terminalının yüklənmə səviyyəsi 98 faiz təşkil edir.
Gürcüstan hökuməti Dünya Bankı və Asiya İnkişaf Bankının da iştirak edəcəyi Anakliya limanını inkişaf etdirir. Bu amillər bizi prioritet investisiyaları müəyyənləşdirməyə vadar edir. Bu, yalnız ilk və şübhəsiz ki, zəruri addımdır, lakin heç də kifayət deyil. İlk növbədə, yük axınlarının emalına imkan verən güclər yaradılmalıdır”, – deyə Blankas bildirib.