Bakı.Trend:
Türkiyənin METRANS şirkəti dəmir yolu və intermodal nəqliyyatdan istifadə etməklə Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımaların təşkili layihəsi ilə bağlı logistika şirkəti ilə müzakirələri davam etdirəcək.
Bu barədə METRANS şirkətinin baş direktoru Sərdar Yaylalı Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində Trend-ə bildirib.
Baş direktorun sözlərinə görə, o, Orta Dəhlizin, Xəzər regionunun və Mərkəzi Asiyanın inkişafını izləmək, həmçinin regiondakı tərəfdaşlarla görüşmək üçün forumda iştirak edir.
“METRANS əsasən Türkiyə ilə Avropa arasında hər iki istiqamətdə dəmir yolu ilə yükdaşımalar üzrə ixtisaslaşıb. Mənim üçün burada olmaq və Orta Dəhlizin inkişafını şəxsən izləmək maraqlıdır”, – deyə o bildirib.
S.Yaylalı bildirib ki, B2B görüşləri çərçivəsində üç görüş keçirib. Onun sözlərinə görə, bu görüşlərdən ikisi logistika texnologiyaları və proqram təminatı ilə bağlı olub.
“Regionda həllər və yeni işlənib hazırlanmış texnologiyalar, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi barədə məlumat əldə etmək maraqlı idi.
Digər bir görüş yükdaşımalar və Avropa ilə Mərkəzi Asiya arasındakı real biznes imkanlarına həsr olunmuşdu. Mən yüklərin ekspedisiyası ilə məşğul olan və Avropa ilə Mərkəzi Asiya arasında konkret yükdaşımaları həyata keçirən logistika şirkətinin nümayəndələri ilə görüşdüm. Bir neçə konkret layihəni müzakirə etdik”, – deyə S.Yaylalı bildirib.
Onun sözlərinə görə, söhbət əsasən tam marşrutdan istifadə etməklə Avropadan Mərkəzi Asiyaya yükdaşımalarından gedir.
“Onlara dəmir yolu və intermodal nəqliyyatdan istifadə etməklə həll yolu lazımdır. Biz Avropa ilə Türkiyə arasındakı dəmir yolu əlaqəsinə cavabdehik. Marşrutun bu hissəsinə qədər şirkətə öz həllərimiz və Avropadakı şəbəkəmiz vasitəsilə dəstək verə bilərik.
Hazırkı mərhələdə konkret razılaşmalar əldə olunmayıb. Biz bu mövzunun müzakirəsinə yenicə başlamışıq. Onların real layihəsi və yükü var, bizim isə həllimiz. Buna görə də müzakirələri davam etdirmək barədə razılığa gəldik”, – deyə baş direktor bildirib.
O qeyd edib ki, forumdan sonra məsələnin daha ətraflı müzakirəsinə METRANS şirkətinin baş ofisinin əməliyyat bölməsinin mütəxəssisləri də cəlb olunacaqlar.
“Mən həmçinin şirkətimizin Avropadakı şəbəkəsindən istifadə etməklə hansı həlləri və təklifləri təqdim edə biləcəyimizi müəyyənləşdirmək üçün əməliyyat bölməsinin mütəxəssislərini də bu prosesə cəlb edəcəyəm. Buna görə də forumdan sonra əlaqələri davam etdirmək barədə razılığa gəldik”, – deyə S.Yaylalı əlavə edib.