Bakı. Trend:
Mövcud binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının gələcəkdə məcburi olması istisna edilmir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” adlı dəyirmi masada deyib.
“Bu, hələ başlanğıcdır. Sonra addım-addım inkişaf etməyi düşünürük və mövcud binalar üçün də pasportlaşdırılmanın gələcəkdə məcburi olacağını bu gündən istisna edə bilmərik. Ola bilsin ki, gələcəkdə mövcud binalara da tətbiq olunsun”, – deyə o bildirib.
C.Mikayılov qeyd edib ki, binalar dünyada, o cümlədən Azərbaycanda enerji istehlakçıları arasında mühüm yer tutur və bu səbəbdən mövcud binaların enerji səmərəliliyi də diqqət mərkəzindədir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda müəyyən göstəricilərə cavab verən binalar üçün məcburi enerji auditi qanunvericiliyin tələbidir.
“Əgər yaşayış binası 250 ton və daha çox neft ekvivalenti həcmində enerji istehlak edirsə və yaxud sahəsi 10 min kvadratmetrdən çoxdursa, həmin binalar öz enerji idarəçisini təyin etməlidir. Bunu öz əməkdaşları vasitəsilə edə və yaxud yeni əməkdaş cəlb edə bilərlər. Eyni zamanda, bu binalar üçüncü tərəfi cəlb edərək enerji auditi keçirməlidir”, – deyə nazirlik rəsmisi bildirib.
C.Mikayılov vurğulayıb ki, enerji auditinin nəticələrinə əsasən müəyyən edilən çatışmazlıqların aradan qaldırılması, məsələn, binanın izolyasiya edilməsi hazırda qanunvericiliklə məcburi tələb kimi müəyyənləşdirilməyib.
Onun sözlərinə görə, audit nəticələri əldə edildikdən sonra bina sahiblərinin enerji səmərəliliyinin artırılması üçün müvafiq tədbirləri həyata keçirməkdə maraqlı olacağı gözlənilir.