Bakı.Trend:
Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15,301 milyard ABŞ dolları təşkil edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu, bu ilin avqustun 1-i ilə müqayisədə 1,533 milyard ABŞ dolları və ya 11,1% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 4,052 milyard ABŞ dolları və ya 36% artıb.
"Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib. Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır", - məlumada vurğulanıb.
Əlavə olaraq qeyd olunub ki, bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24,239 milyard manat təşkil edib.
Məlumata əsasən, bu, 2026-cı ilin avqustun 1-i ilə müqayisədə 296,2 milyon manat və ya 1,24% çoxdur.
Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 3,117 milyard manat və yaxud 14,8% artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib ki, valyuta bazarında müşahidə olunan yüksək təklif Mərkəzi Bankın bu il alışyönlü müdaxilələr həyata keçirməsinə imkan verib və bu tendensiyanın ilin sonunadək davam edəcəyi gözlənilir.
"Bu ilin sonunda da Mərkəzi Bankın valyuta bazarına müdaxilə edəcəyini proqnozlaşdırırıq", – deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, ilin ilk altı ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Yanvar–iyun aylarında mübadilə şöbələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışları 482 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq 25,6%-ə enib.
T.Kazımov bildirib ki, valyutaya tələbin azalması fonunda Mərkəzi Bank alışyönlü müdaxilələr həyata keçirib və nəticədə ilin ilk yarısında valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb. AMB sədri əlavə edib ki, valyuta bazarında tələbin azalmasının daha bir göstəricisi hərracların nəticələrində özünü büruzə verir. Onun sözlərinə görə, bu il aprelin 1-dən keçirilməsi nəzərdə tutulan 34 valyuta hərracından 23-ü baş tutmayıb.
"Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu almaq istəyən olmayıb. Belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib", – deyə AMB sədri bildirib.
T.Kazımov bunun əsas səbəblərindən birinin 2022-ci ildən fəaliyyət göstərən "Bloomberg" platforması üzərindən banklararası valyuta ticarəti sistemi olduğunu qeyd edib.
"Banklar valyutaya olan tələbatlarını artıq öz aralarında qarşılayırlar. Bəzi banklarda tələb yaranarkən, digər banklarda kifayət qədər valyuta ehtiyatı olduğu üçün onlar bir-biri ilə əməliyyat aparırlar. Ona görə də Mərkəzi Bankın valyuta hərraclarına ehtiyac qalmır. Bu, çox vacib məqamdır", – deyə o vurğulayıb. Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar