Bakı.Trend:
Türkmənistan 2027-2028-ci illər üçün Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) Qrupunun sədri, Azərbaycan isə vitse-sədri seçilib.
Bu haqda "Turkmenportal" məlumat yayıb.
Bildirilib ki, müvafiq qərar qrupun Nyu-Yorkda BMT yanında daimi nümayəndələr səviyyəsində keçirilən iclasında qəbul edilib.
Regional qruplardan rəhbər büroya Laos, Burundi, Çad, Ruanda və Paraqvay da seçilib.
Bu sədrlik Türkmənistana 1 yanvar 2027-ci ildən etibarən iki il müddətində qrupun fəaliyyətini, o cümlədən ölkə üçün prioritet olan enerji və nəqliyyat bağlantısı istiqamətlərində işini əlaqələndirmək və dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkənin maraqlarını təmsil etmək imkanı verəcək.
Bildirilir ki, rəhbərliyin tərkibi 24 sentyabr 2026-cı ildə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək LLDCs üzrə nazirlər görüşünün yekun bəyannaməsi ilə də təsdiqlənəcək.
Cari ilin noyabr-dekabr aylarında BMT-nin ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri üzrə yüksək səviyyəli nümayəndəsinin ofisi (OHRLLS) ilə birgə Türkmənistanın 2027-2028-ci illərdə qrupa sədrliyi üzrə yol xəritəsinin layihəsinin hazırlanması planlaşdırılır.