Bakı. Trend:
Tacikistan Azərbaycanın nəqliyyat-logistika imkanlarından gələcəkdə də istifadə edilməsində və tranzit marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır.
Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə deyib.
"Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə və tranzit marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində böyük potensial mövcuddur", - deyə o bildirib.
Səfir qeyd edib ki, Avropa ölkələri ilə Tacikistan arasında tranzit yükdaşımalarının əsas həcmi Azərbaycanın ərazisindən keçir.
"Azərbaycan ölkələrimizi birləşdirən mövcud dəhlizlər üzrə tranzit yükdaşımaları sahəsində Tacikistanın mühüm tərəfdaşıdır", - İ. Abdurahmon vurğulayıb.
Onun sözlərinə görə, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi iki dövlət arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək.
Səfir həmçinin qeyd edib ki, Düşənbə ilə Bakı arasında həftədə dörd birbaşa aviareys həyata keçirilir ki, bu da onun sözlərinə görə, ölkələr arasında turizm əlaqələrinin inkişafına töhfə verir.