Bakı.Trend:
“Volkswagen” şirkətinin İdarə Heyəti 50 min iş yerinin ixtisarını, model seriyasının yarıya qədər azaldılmasını və dörd zavodda avtomobil istehsalının dayandırılmasını nəzərdə tutan genişmiqyaslı sərt büdcə islahatlarını təsdiqləyib.
İxtisar planı konsernin baş direktoru Oliver Blume tərəfindən daha aşağı istehsal xərclərinə malik Çin istehsalçılarının yaratdığı rəqabətə və ABŞ-nin tariflərinin mənfi təsirinə cavab olaraq təklif edilib. Nəticədə, o, şirkətdə pay sahibi olan Aşağı Saksoniya federal torpağının hakimiyyət orqanlarının və işçilərin həmkarlar ittifaqlarının müqavimətini dəf edib.
“Volkswagen” investorlarına bildirib ki, bu təkrar strukturlaşdırma şirkətin tarixində ən genişmiqyaslı transformasiya proqramı olacaq.
Volkswagen-də təxminən 650 min nəfər çalışır. Şirkət ilin birinci yarısında Çində satışların azalması səbəbindən vergilər ödənildikdən sonra əldə olunan mənfəətin 30 faiz azaldığını açıqlayıb.