Bakı. Trend:
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri son illərdə yeni mərhələyə qədəm qoyub. Bakı artıq yalnız Cənubi Qafqazın mühüm aktoru kimi deyil, Mərkəzi Asiya, Çin və Avropa arasında əlaqələrin qurulmasında mühüm rol oynayan ölkə kimi də diqqət çəkir. Prezident İlham Əliyevin Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirakı bu əməkdaşlığın artan əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Azərbaycanın ŞƏT üçün əhəmiyyətini müəyyən edən əsas amillərdən biri onun əlverişli coğrafi mövqeyidir. Ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Qafqaz üzərindən Türkiyə və Avropaya, cənub istiqamətində isə Yaxın Şərqə çıxış imkanlarına malikdir. Bu xüsusiyyət Azərbaycanı Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən mühüm nəqliyyat halqasına çevirir.
Bu baxımdan Orta Dəhlizin rolu xüsusilə böyükdür. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılması üçün Bakı əsas tranzit mərkəzlərindən biridir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin geniş avtomobil və dəmir yolu infrastrukturu bu marşrutun imkanlarını artırır", - o bildirib.
Onun sözlərinə görə, ŞƏT ölkələri üçün bu marşrutların əhəmiyyəti yalnız ticarətin sürətləndirilməsi ilə məhdudlaşmır.
"Qlobal logistika sistemində alternativ və etibarlı nəqliyyat xətlərinin yaradılması getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Bu baxımdan Azərbaycan Şərq-Qərb əlaqələrinin inkişafında ŞƏT ölkələrinin istifadə edə biləcəyi mühüm platformalardan birinə çevrilir", - o politoloq bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətli inkişafı da bu prosesə əlavə imkanlar yaradır.
"Bakı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər region ölkələri ilə nəqliyyat, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir. Xəzər dənizi isə bu əlaqələrin əsas coğrafi körpülərindən biridir.
Prezident İlham Əliyevin Bişkekdəki çıxışı Azərbaycanın regional proseslərə yanaşmasının daha geniş çərçivəsini də ortaya qoydu. Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərində uzunmüddətli münaqişənin başa çatdığını və Cənubi Qafqazın sülh zonasına çevrilməkdə olduğunu vurğuladı. Bu proses nəqliyyat kommunikasiyalarının açılması baxımından da yeni imkanlar yaradır", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan artıq Ermənistan istiqamətində neft məhsullarının tədarükünü həyata keçirir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir.
"Eyni zamanda Bakı Ermənistanla qarşılıqlı ticarətin artırılması, məhsul nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində işləyir. Bu isə gələcəkdə Cənubi Qafqazın regional ticarət xəritəsində rolunu daha da gücləndirə bilər.
Burada Zəngəzur istiqamətinin də xüsusi əhəmiyyəti var. Yeni nəqliyyat bağlantılarının formalaşması Orta Dəhlizin imkanlarını genişləndirə, Mərkəzi Asiyadan gələn yüklərin Türkiyə və Avropa bazarlarına daha səmərəli çıxışını təmin edə bilər. Beləliklə, Azərbaycan yalnız mövcud tranzit marşrutlarının iştirakçısı deyil, Avrasiyanın gələcək nəqliyyat arxitekturasının formalaşmasında fəal tərəf kimi çıxış edir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ŞƏT üçün əhəmiyyəti nəqliyyatla yanaşı enerji sahəsində də artır.
"Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılması, elektrik enerjisi və bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq, həmçinin Mərkəzi Asiya ilə enerji bağlantılarının inkişaf etdirilməsi Bakı ilə ŞƏT ölkələri arasında yeni əməkdaşlıq istiqamətləri yaradır.
Bu mənada Azərbaycanın ŞƏT məkanına yaxınlaşması birtərəfli proses deyil. Bakı təşkilatın üzv və tərəfdaş ölkələri üçün Avropaya çıxış imkanlarını genişləndirən strateji tərəfdaş, ŞƏT üçün isə Avrasiya məkanında mühüm nəqliyyat və enerji bağlantısı rolunu oynayan ölkə kimi mövqeyini möhkəmləndirir.
Bişkekdə keçirilən “ŞƏT plyus” görüşü də göstərdi ki, Azərbaycanın təşkilatla münasibətləri yalnız siyasi dialoq səviyyəsində qalmır. Nəqliyyat, ticarət, enerji və regional təhlükəsizlik sahələrində qarşılıqlı maraqlar Bakının ŞƏT məkanında əhəmiyyətini getdikcə artırır. Azərbaycanın əsas üstünlüyü isə onun coğrafi mövqeyini real iqtisadi və nəqliyyat layihələrinə çevirə bilməsidir", - politoloq əlavə edib.