Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 1 milyard 940 milyon manata çatıb.
Bunu Trend-ə açıqlamasında agentliyin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
O bildirib ki, 2026-cı ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub.
"Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır", - agentlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında qeyd edib ki, ümumilikdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye zonaları ölkənin sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyata alınıb. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat həcmində faktiki sərmayə yatırılıb.
"Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9 700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib. Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir", - deyə İZİA sədri vurğulayıb.
O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4 milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9 milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının davamlı şəkildə artdığını nümayiş etdirir.