Bakı. Trend:
Türkiyə Super Liqasının üçüncü turunda “Fənərbağça” səfərdə “Samsunspor”u məğlub edib.
Samsun Yeni 19 Mayıs stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Fənərbağça” matça sürətli başlayıb. Üçüncü dəqiqədə Oğuz Aydının ötürməsindən sonra Vedat Muriqi dəqiq zərbə ilə hesabı açıb.
İkinci hissənin əvvəlində “Fənərbağça” fərqi artırıb. 49-cu dəqiqədə İrfan Can Kahvecinin ötürməsindən sonra Oğuz Aydın gözəl zərbə ilə topu qapıya göndərib – 2:0.
Qalan dəqiqələrdə hesab dəyişməyib. Bu qələbədən sonra “Fənərbağça” xal ehtiyatını altıya çatdırıb. “Samsunspor”un isə dörd xalı var.
Növbəti turda “Fənərbağça” doğma meydanda “Beşiktaş”la derbidə üz-üzə gələcək. “Samsunspor” isə səfərdə “Kocaelispor”un qonağı olacaq.
Turun paralel keçirilən digər görüşündə “İstanbul Başakşehir” və “Kasımpaşa” qalibi müəyyənləşdirə bilməyiblər. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 18-ci dəqiqədə Eldor Şomurodov, “Kasımpaşa”nın bərabərlik qolunu isə 84-cü dəqiqədə Fussen Diabate vurub. Bu nəticədən sonra “Başakşehir” dörd, “Kasımpaşa” isə beş xala yüksəlib.