Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən SAP ERP transformasiya proqramı çərçivəsində potensial icraçı şirkətlərlə bazar məsləhətləşməsi keçirəcək.
Bu barədə AİB-nin tender və satınalma bölməsində yayımlanan məlumatda bildirilir.
Məlumata görə, ADY tərəfindən həyata keçirilən genişmiqyaslı SAP ERP Transformasiya Proqramının maliyyələşdirilməsinin AİB tərəfindən dəstəklənməsi nəzərdə tutulur. Proqram Azərbaycanın nəqliyyat sektorunda ən böyük korporativ rəqəmsal transformasiya təşəbbüslərindən biri kimi qiymətləndirilir.
Bazar məsləhətləşməsi çərçivəsində SAP həllərinin tətbiqi üzrə ixtisaslaşmış şirkətlər, sistem inteqratorları, konsaltinq şirkətləri və genişmiqyaslı SAP ERP transformasiya layihələrində müvafiq təcrübəyə malik digər təşkilatlar iştirak edə biləcəklər.
Məlumata əsasən, ADY gələcəkdə SAP ERP sisteminin tətbiqi üzrə tərəfdaşın seçilməsi məqsədilə satınalma prosesinə başlamağa hazırlaşır. Satınalmanın 2026-cı ilin dördüncü rübündə elan edilməsi gözlənilir.
Seçiləcək icraçı tərəfdaşın ADY üzrə ERP sisteminin tətbiqinin bütün mərhələlərini həyata keçirməsi nəzərdə tutulur. Buraya həllin layihələndirilməsi və ilkin konsepsiyanın hazırlanması, sistemin konfiqurasiyası, xüsusi proqram təminatının hazırlanması, inteqrasiya, məlumatların miqrasiyası, sınaqların keçirilməsi, əməkdaşların təlimi, sistemin istifadəyə verilməsi və istifadəyə verildikdən sonra texniki dəstək daxildir.
AİB-nin məlumatına görə, sentyabrın 4-də Bakıda keçiriləcək erkən bazar məsləhətləşməsi qeyri-məcburi xarakter daşıyır və formal satınalma prosesi hesab edilmir. Tədbirdə şirkətlərin seçilməsi və ya qiymətləndirilməsi aparılmayacaq.
Məsləhətləşmənin əsas məqsədi ADY-nin satınalma strategiyasını və gələcək tender sənədlərini yekunlaşdırmazdan əvvəl bazarın imkanları və potensial təchizatçıların mövqeyi barədə məlumat toplamaqdır.
Görüş zamanı potensial iştirakçılardan SAP ERP transformasiyasının həyata keçirilməsi üçün optimal yanaşma və metodologiya, layihə üzrə resursların və mütəxəssislərin əlçatanlığı, proqramın real icra müddəti və mərhələləri, əsas layihə riskləri və onların azaldılması yolları, həmçinin oxşar SAP ERP layihələrindən əldə edilmiş təcrübə ilə bağlı fikirlərini bölüşmələri gözlənilir.
Bazar məsləhətləşməsi sentyabrın 4-də saat 09:00-da Bakıda hibrid formatda keçiriləcək. İştirakçılar tədbirə həm əyani, həm də onlayn qoşula biləcəklər.
ADY potensial iştirakçılardan tədbirdə iştirak etmək üçün şirkət haqqında qısa məlumat təqdim etməklə əvvəlcədən qeydiyyatdan keçməyi xahiş edir.
Qeyd edək ki, bazar məsləhətləşməsinin nəticələri yalnız satınalma prosesinin planlaşdırılması və gələcək tender sənədlərinin hazırlanması məqsədilə istifadə olunacaq.