Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,653 milyard ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyard ABŞ dolları və ya təqribən 4,1 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,50%-i həcmində olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr siyahısında 2-ci pillədə qərarlaşıb.
Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 177,093 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 493,3 milyon ABŞ dolları və ya 3,8 dəfə azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya 3,476 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya təqribən 16,1 dəfə çoxdur.
Bundan əvvəl Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyinin (UKEF) baş direktoru Tim Reyd Trend-ə verdiyi müsahibədə bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr möhkəmdir və daha da möhkəmlənməkdə davam edir.
"Azərbaycan üzrə bazar risklərinin sığortalanması üçün bizdə ən yüksək təminat səviyyəsi mövcuddur – azı 5 milyard funt sterlinq. Bu da ölkəyə britaniyalı ixracatçılar üçün etibarlı tərəfdaş kimi inamımızı əks etdirir”, – deyə T. Reyd qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.
“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri, eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.