Bakı. Trend:
Vaşinqton və Ər-Riyad arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş, o cümlədən perspektivdə Səudiyyə Ərəbistanının uranı zənginləşdirməsi imkanını nəzərdə tutur.
Bunu ABŞ-ın energetika naziri Kris Rayt təsdiqləyib.
“İstənilən sazişdə, mövzu nə olursa-olsun, iki tərəfin həmişə onun yenidən nəzərdən keçirilməsi barədə birgə qərar qəbul edə biləcəyi qeyd olunur. Hazırkı sazişin [digərlərindən] yeganə fərqi ondan ibarətdir ki, bu məsələ orada açıq şəkildə yazılıb. Biz - ABŞ və Səudiyyə Ərəbistanı - birlikdə işləyəcək və Səudiyyə Ərəbistanının nüvə sənayesinin inkişaf potensialını nəzərdən keçirəcəyik”, - deyə nazir mətbuat konfransında sazişin gələcəkdə Ər-Riyad tərəfindən uranın zənginləşdirilməsi imkanını nəzərdə tutub-tutmadığını dəqiqləşdirmək xahişinə cavab olaraq bildirib.
“Onların Səudiyyə Ərəbistanında uran yataqları var. Bəlkə də biz Səudiyyə Ərəbistanında uran hasilatı ilə məşğul olmalıyıq”, - deyə Rayt əlavə edib.
ABŞ energetika naziri sazişin, əslində, Ər-Riyada uranın zənginləşdirilməsinə birbaşa çıxış verdiyini inkar edib. Qeyd edək ki, nüvə silahlarının yayılmaması sahəsində bir çox ekspert buna qarşı çıxır və Yaxın Şərqdə domino effektinin yaranması ehtimalı barədə xəbərdarlıq edir.
“Mətbuatda bunun [əslində artıq indi] Səudiyyə Ərəbistanına uranı zənginləşdirmək imkanı verməkdən söhbət getdiyi barədə fikirlərin olduğunu bilirəm. Bu, sadəcə olaraq, doğru deyil”, - deyə Rayt bildirib.
O iddia edib ki, saziş Səudiyyə Ərəbistanında hərbi məqsədli nüvə proqramlarının qarşısının alınmasına yönəlmiş hərtərəfli təminatlar ehtiva edir.
“Bununla bağlı bizim [nüvə silahlarının yayılmaması sahəsində] hərtərəfli təminat razılaşmalarımız da var. Bu, kommersiya [nüvə] texnologiyasının ötürülməsinin mümkün olan ən təhlükəsiz yolu olacaq”, - deyə nazir əminliklə bildirib.
Onun sözlərinə görə, “bu razılaşmaların icrasına nəzarəti Beynəlxalq Atom Enerjisi Agentliyi həyata keçirəcək”.
Rayt həmçinin sazişin artıq ABŞ qanunverici orqanının baxışına təqdim edildiyini təsdiqləyib.
“Mən tam əminliklə təsdiq edə bilərəm ki, saziş ABŞ Konqresinə göndərilib”, - deyə nazir bildirib.
Bu o deməkdir ki, etiraz yaranmadığı təqdirdə, razılaşma Konqresin “fasiləsiz sessiya fəaliyyəti”nin 90 günü başa çatdıqdan sonra avtomatik olaraq qüvvəyə minəcək. Göstərilən müddət, bir qayda olaraq, dörd-altı təqvim ayı təşkil edir.
Sənədi bloklamaq istədiyi halda həm Nümayəndələr Palatası, həm də ABŞ Konqresinin Senatı xüsusi qətnamə qəbul etməlidir.
Atom enerjisi və İbrahim razılaşmalarıVaşinqton administrasiyasının iyulun 22-də verdiyi məlumata görə, sazişi ABŞ və Səudiyyə Ərəbistanının energetika nazirləri Kris Rayt və Əbdüləziz bin Salman Al Səud imzalayıblar. Razılaşma bir neçə onillik üçün nəzərdə tutulub və “Amerika şirkətlərinin Səudiyyə Ərəbistanının nüvə enerjisinin inkişaf proqramında iştirak etməsi üçün geniş imkanlar açmaq” məqsədi daşıyır.
Lakin bundan sonra ABŞ Prezidenti Donald Tramp sazişin təsdiqinin “tamamilə Səudiyyə Ərəbistanının <...> İbrahim razılaşmalarına qoşulmasından asılı olduğunu” bildirib.
İbrahim razılaşmaları 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında bağlanıb.
2020-ci ildə Bəhreyn, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan yəhudi dövləti ilə diplomatik münasibətlər qurduğunu elan edib.
Bu razılaşmalar bağlanana qədər İsrailin ərəb dövlətlərindən yalnız Misirlə 1979-cu ildə, İordaniya ilə isə 1994-cü ildə diplomatik münasibətləri var idi.
Ötən ilin avqustunda Tramp Yaxın Şərqin bütün dövlətlərini İbrahim razılaşmalarına qoşulmağa çağırıb. Onun fikrincə, bu, regionda “sülhü təmin edəcək”.
Səudiyyə Ərəbistanı İsraili tanımasının şərti kimi tam hüquqlu Fələstin dövlətinin yaradılmasına aparan geri dönməz yolun müəyyənləşdirilməsini tələb edirdi.