Bakı. Trend:
Bu ilin avqustun 1-i tarixinə Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnəsi 104,9 faiz bəndi təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamaya əsasən, bu göstərici aylıq ifadədə 1,4 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,1 faiz bəndi artıb.
Eyni zamanda, cari ilin 1 avqust tarixinə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 176,4 faiz bəndi təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,7 faiz bəndi artım deməkdir.
Bundan əlavə, 2026-cı ilin 1 avqust tarixinə manatın ümumi real effektiv məzənnəsi 116 faiz bəndi olub. Bu göstərici aylıq ifadədə 0,8 faiz bəndi, illik ifadədə isə 2,3 faiz bəndi artıb.
Həmçinin hesabat dövründə qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi 110,6 faiz bəndi təşkil edib ki, bu da aylıq ifadədə 1,1 faiz bəndi artıb, illik ifadədə isə eyni səviyyədə qalıb.
AMB sədri Taleh Kazımovun iyulun 31-də keçirliən mətbuat konfrasındakı sözlərinə görə, manatın möhkəmlənməsi və valyuta bazarında müşahidə olunan proseslər bir neçə amillə bağlıdır: “Nağd valyuta bazarında dolları əsasən fiziki şəxslər satır, eyni zamanda manat əmanətlərinin həcmi və unikal əmanətçilərin sayı artmaqda davam edir. İdxalın azalması xarici valyutaya tələbi zəiflədir, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi isə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır”.