Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 53,925 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteni əsasında hesabalamasına görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 6,2 milyard manat və ya 13,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin avqsutun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 43,842 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən isə 7,2 milyard manat və ya 19,6% çoxdur.
Həmçinin hesabat dövründə tələbli depozitlər (M1 pul aqreqatı) üzrə göstərici 33,632 milyard manata bərabər olub. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,6 milyard manat və ya 15,9% çoxdur.
Eyni zamanda, bu ilin avqsutun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 19,171 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat 15,1% çoxdur.
Pul bazarının parametrləri
Həcmi (milyon manat), 1 avqsut 2026-cı il tarixinə
Həcmi (milyon manat), 1 avqust 2025-ci il tarixinə
Geniş mənada pul kütləsi (M3 aqreqatı)
53925.5
47680.3
Manatla pul kütləsi (M2 aqreqatı)
43841.8
36662.6
Tələbli depozitlər (M1 aqreqatı)
33641.7
29021.0
Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)
19170.8
16657.3
Azərbaycan Mərkəzi Bankı (AMB) pul dövriyyəsinin səmərəliliyinin artırılması və milli valyutanın inkişafı istiqamətində bir sıra tədbirləri davam etdirir. AMB-nin baş direktoru Rəşad Məmmədov Trend-ə müsahibəsində bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə nağd pul maliyyə sisteminin mühüm elementi olaraq qalır və Mərkəzi Bank bu sahədə balanslı siyasət həyata keçirir.
Onun sözlərinə görə, əsas prioritetlər nağd pula əlçatanlığın təmin edilməsi, nağd pul dövriyyəsinin optimallaşdırılması, milli pul nişanlarının müasir təhlükəsizlik elementləri ilə yenilənməsi, ödəniş sistemlərinin dayanıqlılığının gücləndirilməsi və bank sektoru ilə əməkdaşlığın genişləndirilməsidir.
R. Məmmədov qeyd edib ki, Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının hazırlanması istiqamətində də iş aparır. "2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib və növbəti mərhələdə pul nişanlarının dizaynı və təhlükəsizlik sistemlərinin hazırlanması nəzərdə tutulur", - deyə o bildirib.