Bakı. Trend:
bp "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işləri vaxtından əvvəl başa çatdırıb.
Bu barədə bp-nin məlumatında bildirilir.
Qeyd olunur ki, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan bp AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında profilaktik işlər proqramı tam şəkildə yekunlaşdırıb:
"Avqustun 19-da başlayan və 11 gün müddətinə nəzərdə tutulan işlər vaxtından əvvəl yekunlaşıb".
Bildirilib ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxil idi.
Proqram çərçivəsində həmçinin Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrasına aid bəzi işlər də həyata keçirilib.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.