Bakı. Trend:
Sığorta şirkətlərinin 2026-cı ilin ilk yarısında ödənişlərin həcminə görə renkinqi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 671,4 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Bankın məlumatlarına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% çoxdur.
Hesabat dövründə ən çox ödəniş 420,178 milyon manat olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. 96,884 milyon manat məbləğində ödənişlə ikinci yeri “Paşa Sığorta” ASC, 65,881 milyon manat göstərici ilə üçüncü yeri isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC tutub.
Azərbaycanın sığorta şirkətlərinin 2026-cı ilin yanvar-iyun aylarında sığorta ödənişlərinin həcminə görə renkinqi:
Şirkətin adı
Məbləğ (milyon manat)
Paşa Həyat Sığorta
420,178
Paşa Sığorta
96,884
Atəşgah Həyat
65,881
Atəşgah
24,803
Qala Sığorta
14,176
Azərbaycan Sənaye Sığorta
10,621
Meqa Sığorta
9,938
A-Qroup
7,664
Xalq Sığorta
5,963
Meqa Həyat Sığorta
3,577
Qala Həyat
3,577
Xalq Həyat Sığorta
2,943
AzSığorta
1,074
İpək Yolu Sığorta
271
Daha əvvəl Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərli Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatların hazırlanmaqda olduğunu bildirib.
İcraçı direktor qeyd edib ki, Azərbaycanın sığorta qanunvericiliyindəki davamlı yeniliklər xarici tərəfdaşların da marağına səbəb olur.
“Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdəki dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır”, - deyə A.Miskərli bildirib.
O, həmçinin yaxın vaxtlarda sığorta sektorunda bir sıra mühüm yeniliklərin həyata keçiriləcəyini açıqlayıb.
“Sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətinə aid olacaq”, - deyə o qeyd edib.
A.Miskərlinin sözlərinə görə, fiziki şəxslərin əmlakının icbari sığortası sisteminin təkmilləşdirilməsi istiqamətində də iş aparılır.
“Əmlakın icbari sığortasının modernləşdirilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşların, xüsusilə də katastrofik risklərdən daha etibarlı müdafiəsini təmin etməkdir. Mövcud yanaşmaya əsasən, bu yeniliklərin sığorta haqlarının artmasına və əhali üçün əlavə maliyyə yükünün yaranmasına səbəb olmayacağı gözlənilir. Əksinə, vətəndaşlar daha geniş sığorta təminatı əldə edəcəklər”, - deyə o bildirib.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı sığorta bazarının peşəkar iştirakçıları üçün yeni tələblərin tətbiqini də planlaşdırır.