Daşkənd. Trend:
Alış-verişlərin təxirə salınmasını və ya mərhələli şəkildə ödənilməsini nəzərdə tutan BNPL (Buy Now, Pay Later) xidmətləri Özbəkistanda daha da inkişaf etdiriləcək.
Bu barədə Trend-in xüsusi müxbirinə Daşkənddə keçirilən "Silk Road Finance & Technology" Forum çərçivəsində "Click" şirkətinin məhsullar üzrə meneceri Şöhrux Xaltayev bildirib.
Xaltayevin sözlərinə görə, son vaxtlar Özbəkistanda kredit məhsullarına və ödənişin təxirə salınmasının müxtəlif formalarına tələbat artır ki, bu da BNPL xidmətlərinin daha da inkişaf etdirilməsi üçün potensial yaradır.
"Mənim fikrimcə, Özbəkistanda bank məhsulları BNPL, yəni ödənişlərin təxirə salınması və hissə-hissə ödənilməsi istiqamətində fəal inkişaf edəcək. Son vaxtlar kreditlərdən və ödənişlərin təxirə salınmasının müxtəlif növlərindən istifadə edən insanların payı artır", - deyə o bildirib.
O qeyd edib ki, bu cür alətlər istifadəçilərə vəsaitin müvəqqəti çatışmazlığı zamanı alış-veriş etməyə, daha sonra isə əməkhaqqını aldıqdan sonra borcu ödəməyə imkan verir.
"Click"də bu istiqamətin inkişafından danışan Xaltayev "Yandex" şirkəti ilə "Yandex Split" adlı tərəfdaşlıq layihəsinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində istifadəçilərə ödənişi təxirə salmaq imkanı təqdim edilib.
"Əgər nəsə almaq istəyirdiniz, lakin vəsaitiniz çatmırdısa, "Yandex"dən pul əldə edə, daha sonra isə onu hissə-hissə ödəyə bilərdiniz", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda layihə müvəqqəti olaraq dayandırılıb, lakin "Click" bu istiqamətin inkişafı üzərində işi davam etdirir.
"İndi biz bu layihə üzərində işləyirik və öz məhsullarımızı bir qədər fərqli yolla istifadəyə vermək istəyirik", - deyə Xaltayev qeyd edib.
O, həmçinin BNPL məhsullarının gələcəkdə inkişaf etdirilməsi ilə bağlı planların olduğunu təsdiqləyib və onların həyata keçirilməsi üçün vaxt tələb olunacağını bildirib.