Daşkənd.Trend:
Özbəkistan və Azərbaycanın mərkəzi bankları ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir, iki ölkənin ödəniş şirkətləri isə artıq praktiki əməkdaşlıq məsələləri üzrə danışıqlar aparır.
Trend-in xüsusi müxbirinin sualını cavablandıran Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov bunu "Silk Road Finance & Technology Forum" çərçivəsində media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, iki ölkənin mərkəzi bankları artıq müxtəlif platformalarda əməkdaşlıq edir və bir sıra əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
“Biz artıq Azərbaycan Mərkəzi Bankı ilə, məsələn, ödəniş sistemlərimizin inteqrasiyası üzrə praktiki danışıqlar aparırıq. Bir neçə ödəniş şirkətimiz də Azərbaycandakı şirkətlərlə inteqrasiya məsələləri üzrə artıq danışıqlar aparır”, - deyə İşmetov bildirib.
O, bu əməkdaşlığın yaxın vaxtlarda praktiki nəticələr verəcəyini gözlədiyini qeyd edib.
Mərkəzi Bankın rəhbərinin sözlərinə görə, maliyyə texnologiyaları sahəsində əməkdaşlıq biznes, xüsusilə startaplar və fintex şirkətləri üçün daha böyük regional bazarın formalaşmasına imkan yarada bilər.
“Xüsusilə maliyyə texnologiyaları sahəsində elə bir istiqamət var ki, burada əməkdaşlıq hamı üçün faydalı strategiyadır. Hər bir ölkənin yalnız öz bazarına yönəlməsi əvəzinə, biz əməkdaşlıq edə və bütün biznesimiz, xüsusilə startaplar, fintech şirkətləri və texnologiya şirkətləri üçün bazarları aça bilərik”, - deyə o vurğulayıb.
İşmetov bildirib ki, ölkələr arasında qarşılıqlı fəaliyyət təcrübə mübadiləsinə və regionda maliyyə texnologiyalarının inkişafı üçün daha geniş imkanların yaradılmasına şərait yaradır.