Bakı. Trend:
Azərbaycan qeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində daha bir mühüm dəstək mexanizmi tətbiq etməyə hazırlaşır. Prezident İlham Əliyevin 9 iyun 2026-cı il tarixli fərmanı ilə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulub. Mexanizm 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək və 2036-cı il sentyabrın 30-dək həyata keçirilən ixrac və daxili daşımaları əhatə edəcək.
İlk baxışda bu, ixracatçının nəqliyyat xərcini azaltmağa yönəlmiş subsidiya kimi görünsə də, əslində isə yeni mexanizmin iqtisadi əhəmiyyəti daha genişdir. Söhbət Azərbaycanın qeyri-neft-qaz məhsullarının xarici bazarlara çıxış xərcini azaltmaq, yeni bazarlara girişi asanlaşdırmaq və ixracın coğrafi strukturunu dəyişmək cəhdindən gedir.
Problem yalnız istehsal deyil, bazara çıxışdır
Azərbaycanın qeyri-neft-qaz ixracında son illərdə artım müşahidə olunsa da, göstəricilərin arxasında struktur problemlər qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 3,63 milyard ABŞ dolları təşkil edib. Bu, nominal ifadədə 2024-cü ildən 8,1 faiz çox olsa da, real ifadədə 18,1 faiz azalma deməkdir. Rəqəmlərdən də göründüyü kimi ixracın nominal artımı avtomatik olaraq ixrac potensialının tam reallaşdırılması demək deyil.
Azərbaycan şirkətləri üçün problem bəzən məhsul istehsal etməkdən çox, həmin məhsulu rəqabətqabiliyyətli qiymətlə başqa ölkənin bazarına çatdırmaqdır. Xüsusilə daha uzaq və alternativ bazarlara çıxış zamanı logistika xərcləri məhsulun son qiymətində əhəmiyyətli pay tuta bilər. Bu məsələ kənd təsərrüfatı və qida məhsulları kimi marjaların nisbətən aşağı, daşınma və logistikanın isə maya dəyərinə ciddi təsir etdiyi sahələr üçün daha aktualdır. Digər tərəfdən, daha yüksək əlavə dəyərli sənaye məhsullarının ixracında da logistika xərcləri beynəlxalq rəqabət qabiliyyətinə təsir edən amillərdən biridir. Məhz buna görə fərmanda problemin əsas səbəblərindən biri kimi yüksək logistika xərcləri göstərilir. Sənəddə qeyd olunur ki, uzaq məsafəli daşımaların malın maya dəyərində yüksək paya malik olması ixracın həm məhsullar, həm də coğrafiya baxımından şaxələndirilməsini məhdudlaşdırır.
Qeyri-neft ixracı artır, lakin coğrafi şaxələndirmə məsələsi qalır
Azərbaycanın qeyri-neft-qaz ixracında 2026-cı ilin ilk yeddi ayında nəzərəçarpacaq artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında ölkədən 5,93 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,845 milyard dollar və ya 2,8 dəfə çoxdur.
Lakin ixracın coğrafi strukturu artımın özü qədər diqqət çəkir. Hesabat dövründə qeyri-neft məhsullarının 3,48 milyard dolları Böyük Britaniyanın payına düşüb. Bu, ümumi qeyri-neft ixracının 58,6 faizinə bərabərdir. Rusiya 731,7 milyon dollarla 12,3 faiz, Türkiyə 390,6 milyon dollarla 6,6 faiz, Gürcüstan 328,1 milyon dollarla 5,5 faiz, İsveçrə isə 251,6 milyon dollarla 4,2 faiz paya malik olub. Digər ölkələrin ümumi payı 12,7 faiz təşkil edib.
Bu rəqəmlər Azərbaycanın qeyri-neft ixracının sürətlə böyüdüyünü göstərməklə yanaşı, ixrac coğrafiyasının daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın qaldığını da göstərir. Mövcud bazarların qorunması ilə yanaşı, yeni və daha uzaq bazarlara çıxış Azərbaycanın ixrac siyasətinin növbəti mərhələsində əsas məsələlərdən birinə çevrilə bilər.
Bu istiqamətin qarşısında duran əsas çağırış isə yalnız qeyri-neft sektorunda istehsalı artırmaq deyil, həmin məhsullar üçün yeni və daha geniş xarici bazarlar tapmaqdır. Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında Azərbaycanın qarşısında duran bu vəzifəni xüsusi vurğulayıb: “Bu gün qeyri-neft və qaz sektorunun ÜDM-də payı 70 faizdən artıqdır ki, bu da özlüyündə əlamətdar bir nailiyyətdir. Lakin biz ixracımızda neft, qaz və qeyri-neft və qaz sektorunun balansının dəyişdirilməsini davam etdirmək üçün gərgin çalışmalıyıq. Bu gün ixracımızın mütləq əksəriyyətini enerji resursları təşkil edir. Beləliklə, biz vəziyyəti dəyişmək üçün çox gərgin çalışırıq və bunun üçün əlbəttə ki, bizə daha çox islahatlar, daha çox investisiyalar və yeni bazarlar lazımdır və bu da problemdir. Çünki bazarlar uğrunda, mən belə deyərdim, çox fəal mübarizə gedir. Beləliklə, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır, lakin biz, əlbəttə ki, davam etməliyik”.
Prezidentin bu fikirləri göstərir ki, Azərbaycanın qarşısında duran məsələ artıq yalnız qeyri-neft sektorunun iqtisadiyyatda çəkisini artırmaq deyil. Əsas növbəti mərhələ həmin istehsal potensialını ixrac gəlirlərinə çevirmək və Azərbaycan məhsulları üçün yeni bazarlarda möhkəm mövqe yaratmaqdır.
Bu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına yönələn investisiya siyasətinin ixrac strategiyası ilə daha sıx əlaqələndirilməsini tələb edir. Sənaye, kənd təsərrüfatı və aqroemal, mədənçilik, kritik minerallar, nəqliyyat və logistika kimi sahələrdə istehsal və investisiya imkanlarının genişlənməsi Azərbaycanın xarici bazarlara çıxara biləcəyi məhsulların həcmini və çeşidini artıra bilər. Lakin istehsal potensialının genişlənməsi avtomatik olaraq ixrac imkanlarının eyni tempdə artacağı anlamına gəlmir. Məhsulun beynəlxalq bazara rəqabətqabiliyyətli qiymətlə çatdırılması da ən azı istehsal gücü qədər əhəmiyyətlidir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. İnvestisiya imkanları əsasən qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, eləcə də nəqliyyat və logistika sahələrini əhatə edir”.
Bu yanaşma yeni ixrac daşıma dəstəyi mexanizminin mahiyyətini də izah edir. Dövlət bir tərəfdən qeyri-neft-qaz sektorunda istehsal və investisiya imkanlarını genişləndirməyə çalışırsa, digər tərəfdən həmin məhsulların xarici bazarlara çıxarılması qarşısındakı logistika maneələrini azaltmağa yönəlmiş alətlər formalaşdırır.
Başqa sözlə, məhsulu istehsal etmək və onu bazara çıxarmaq artıq eyni iqtisadi strategiyanın iki ayrı hissəsi kimi deyil, vahid ixrac zəncirinin mərhələləri kimi nəzərdən keçirilir. Yeni daşıma dəstəyi də məhz bu zəncirin ən bahalı elementlərindən birinə - logistika xərclərinə müdaxilə edir.
Yeni ixrac dəstəyi sahibkarlara hansı üstünlükləri qazandıracaq və bu dəstəkdən necə yararlanmaq mümkün olacaq?
Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən qarşılanacaq. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunacaq.
Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək. Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70%-i, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50%-ini təşkil edəcək. Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5%-i, digər nəqliyyat növləri üzrə 15%-ini təşkil edəcək. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödəniləcək.
Bundan əlavə, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70%-i dövlət tərəfindən ödəniləcək. Bu dəstək Naxçıvanda fəaliyyət göstərən istehsalçıların məhsullarını ölkənin digər bölgələrinə daha sərfəli şərtlərlə çatdırmasına və satış imkanlarını genişləndirməsinə kömək edəcək.
Mexanizm 2036-cı il sentyabrın 30-dək həyata keçirilmiş ixrac və daxili daşımalara münasibətdə qüvvədə olacaq. Sahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək.
Yeni bazarlara çıxış üçün mühüm alət
Azərbaycanın qeyri-neft-qaz ixracının coğrafiyası hələ də müəyyən bazarlarda cəmləşib. 2025-ci ildə qeyri-neft-qaz ixracında Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna əsas istiqamətlər arasında olub. Bu bazarların əhəmiyyətini azaltmaqdan söhbət getmir. Əksinə, yeni mexanizmin əsas potensiallarından biri mövcud bazarları qorumaqla yanaşı, ixrac coğrafiyasını genişləndirməkdir. Çünki alternativ bazara daxil olmaq üçün şirkət yalnız alıcı tapmır. O, yeni logistika marşrutu qurmalı, daşınma xərclərini hesablamalı, gömrük və sertifikatlaşdırma tələblərini öyrənməli, bəzən distribütor və anbar infrastrukturu yaratmalıdır. Bu xərclər xüsusilə kiçik və orta sahibkarlar üçün böyük maneə yarada bilər.
Dövlətin logistika xərcinin bir hissəsini kompensasiya etməsi bu ilkin maneələrdən birini aradan qaldırır. Bu baxımdan yeni mexanizm ixrac subsidiyasından daha çox bazarların şaxələndirilməsi aləti kimi qiymətləndirilə bilər.
Logistika dəstəyi yeni nəqliyyat imkanları ilə tamamlanmalıdır
Daşıma xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması Azərbaycanın ixrac imkanlarını genişləndirmək üçün mühüm maliyyə aləti yaradır. Lakin bu mexanizmin uzunmüddətli təsiri yalnız subsidiyanın həcmi ilə deyil, ölkənin malik olduğu nəqliyyat və logistika infrastrukturunun imkanlarından nə dərəcədə səmərəli istifadə olunmasından da asılı olacaq.
Bu baxımdan Orta Dəhliz Azərbaycanın qeyri-neft-qaz ixracı üçün xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropaya uzanan bu multimodal marşrut Azərbaycanın həm tranzit ölkə, həm də ixracatçı kimi imkanlarını genişləndirir. Burada mühüm məqam ondan ibarətdir ki, logistika xərclərinə verilən dövlət dəstəyi ilə nəqliyyat infrastrukturuna qoyulan investisiyalar bir-birini tamamlayır. Daha səmərəli marşrutun mövcudluğu daşınmanın vaxtını və məsafəsini optimallaşdıra bilər, dövlət dəstəyi isə həmin marşrutdan istifadə edən ixracatçının maliyyə yükünü azalda bilər. Nəticədə Azərbaycan məhsulunun xarici bazarda formalaşan son qiymətində logistikanın payının aşağı salınması mümkün olur.
Orta Dəhlizin inkişafı fonunda bu məsələ daha da aktuallaşır. Azərbaycan son illərdə marşrutun infrastrukturunun, tranzit imkanlarının və rəqəmsal logistika həllərinin inkişafına diqqəti artırıb. 2026-cı il üzrə əməkdaşlıq planında da nəqliyyat proseslərinin rəqəmsallaşdırılması, elektron sənəd dövriyyəsi və gömrük qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi kimi istiqamətlər önə çıxır.
Bu mənada Orta Dəhliz tranzit yüklərin daşınması üçün marşrut olması ilə yanaşı, Azərbaycanın öz məhsullarının Mərkəzi Asiya, Çin və Avropa bazarlarına çıxarılması üçün alternativ logistika platforması rolunu da oynaya bilər. Dövlətin daşıma xərclərinə dəstəyi ilə belə imkanların paralel şəkildə genişləndirilməsi ixracatçı üçün daha əlverişli logistika modeli yarada bilər.
Zəngəzur Dəhlizi isə bu şəbəkənin yeni halqası ola bilər
Bu baxımdan Zəngəzur Dəhlizinin perspektivi ayrıca əhəmiyyət kəsb edir. Bu marşrutun reallaşması Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısını gücləndirməklə yanaşı, Orta Dəhlizin Avropa istiqamətində alternativ bağlantı imkanlarını da genişləndirə bilər.
Bu, xüsusilə Naxçıvan üçün nəzərdə tutulan daxili daşıma dəstəyi ilə birlikdə nəzərdən keçirildikdə daha maraqlı mənzərə yaradır. Bir tərəfdən dövlət Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə daşınmasının 70 faizini kompensasiya etməyi nəzərdə tutur. Digər tərəfdən, regionun Azərbaycan, Türkiyə və daha geniş Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirə biləcək yeni bağlantıların formalaşması gündəmdədir.
Beləliklə, dövlət dəstəyi yalnız mövcud logistika xərclərini kompensasiya edən mexanizm olaraq deyil, Azərbaycanın nəqliyyat imkanlarından daha səmərəli istifadəni təşviq edən alət kimi də çıxış edə bilər. Əgər yeni marşrutlar daha aşağı və daha proqnozlaşdırılan daşınma xərcləri yaratsa, dövlət subsidiyasına olan ehtiyacın bir hissəsi də uzunmüddətli perspektivdə təbii olaraq azala bilər. Bu isə mexanizmin strateji məqsədinə daha yaxındır: dövlətin ixracatçı üçün daimi olaraq yüksək logistika xərclərini kompensasiya etməsi deyil, məhsulun xarici bazara daha rəqabətli şərtlərlə çatdırılmasını təmin edən logistika ekosisteminin formalaşdırılması.
Naxçıvan üçün ayrıca əhəmiyyət
Fərmanın digər mühüm istiqaməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının Azərbaycanın digər ərazilərinə daşınmasına verilən dəstəkdir. Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən qarşılanacaq. Belə ki, Naxçıvanda istehsal olunan məhsullar üçün Azərbaycanın əsas istehlak bazarlarına çıxış imkanlarının yaxşılaşdırılması yerli istehsalın miqyasının böyüməsinə stimul verə bilər. Əgər daşınma xərci məhsulun son qiymətini əhəmiyyətli dərəcədə artırırsa, onun Bakı və digər böyük istehlak mərkəzlərində rəqabət qabiliyyəti zəifləyir. Daşıma dəstəyinin tətbiqi bu fərqi müəyyən qədər kompensasiya edə bilər.
Beləliklə, mexanizm Naxçıvan üçün həm istehsalın genişləndirilməsi, həm də daxili bazara inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Ən vacib məqam tətbiq mexanizmidir
Fərmanın özü ümumi çərçivəni müəyyən edir, lakin onun real iqtisadi təsirini müəyyənləşdirəcək bir sıra detallar hələ ayrıca normativ aktlarla dəqiqləşdirilməlidir. İqtisadiyyat Nazirliyi ixrac dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və ixrac ölkələrinin siyahısını, müraciət və baxılma qaydalarını, həmçinin multimodal daşımalar zamanı dəstəyin hesablanması mexanizmini müəyyən etməlidir.
Bu, xüsusilə əhəmiyyətlidir. Çünki beynəlxalq logistika çox vaxt bir nəqliyyat növü ilə məhdudlaşmır. Məsələn, məhsul avtomobillə dəmir yoluna, oradan isə dəniz nəqliyyatına keçirilə bilər. Belə hallarda dəstəyin hansı xərclərə və hansı nisbətdə tətbiq ediləcəyi ixracatçı üçün həlledici məsələdir. Digər tərəfdən, müraciət prosesinin sadə və rəqəmsal olması da vacibdir. Kiçik və orta sahibkar üçün yüksək həcmdə sənədləşmə və uzun gözləmə müddəti faktiki olaraq subsidiyanın iqtisadi dəyərini azalda bilər.
Pulun verilməsi deyil, nəticənin ölçülməsi əsas olacaq
Mexanizmin uzunmüddətli xarakteri də diqqət çəkir. Dəstək 2026-cı il sentyabrın 1-dən başlayaraq 2036-cı il sentyabrın 30-dək həyata keçirilən ixrac və daxili daşımaları əhatə edir. On illik perspektiv dövlətin ixracatçı üçün daha proqnozlaşdırılan mühit yaratmaq niyyətini göstərir.
Dövlət dəstəyi şirkətlərin beynəlxalq bazarlarda daha rəqabətli olmasına kömək etməlidir, lakin uzunmüddətli perspektivdə onların rəqabət qabiliyyətinin əsas dayağı subsidiya deyil, məhsuldarlıq, keyfiyyət, innovasiya və səmərəli logistika olmalıdır.
Bu mexanizm daha böyük strategiyanın bir hissəsidir
Daşıma xərclərinin kompensasiyası iyun ayında qeyri-neft-qaz ixracı üçün qəbul edilən digər dəstək tədbirlərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilməməlidir. İyunun 16-da imzalanmış digər fərmanla mikro, kiçik və orta sahibkar olan ixracatçıların gömrük rəsmiləşdirilməsi üzrə müəyyən xərclərinin də dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulub. Bu mexanizm də 1 sentyabr 2026-dan tətbiq ediləcək və 2031-ci il sentyabrın 30-dək həyata keçirilən ixrac əməliyyatlarını əhatə edəcək.
Beləliklə, dövlətin yanaşması yalnız məhsulun istehsal mərhələsini deyil, ixrac zəncirinin müxtəlif mərhələlərini dəstəkləməyə doğru genişlənir: maliyyələşmə, gömrük rəsmiləşdirilməsi, logistika və bazara çıxış. Bu yanaşma xüsusilə Azərbaycan kimi coğrafi mövqeyinə görə mühüm tranzit imkanlara malik, lakin bir çox xarici bazarlar üçün məsafə və logistika xərcləri ilə üzləşən iqtisadiyyat üçün əhəmiyyətlidir.
Beləliklə, yeni daşıma dəstəyi mexanizmi Azərbaycanın qeyri-neft-qaz ixrac siyasətində mühüm alətə çevrilə bilər. Onun ən böyük potensialı sadəcə ixracatçının xərclərini azaltmaqda deyil, Azərbaycan məhsulunun xarici bazara çatdırılmasını iqtisadi baxımdan daha mümkün etməkdədir. 2025-ci ildə qeyri-neft-qaz ixracının 3,63 milyard dollar səviyyəsində qalması göstərir ki, qarşıda hələ böyük genişlənmə imkanları var. Yeni dəstək mexanizmi həmin potensialın reallaşdırılması üçün maliyyə maneələrindən birini yumşalda bilər. Amma son nəticəni subsidiya məbləği deyil, yaranan əlavə ixrac müəyyən edəcək. Əgər dövlətin logistika üçün ayırdığı vəsait yeni bazarların açılmasına, daha çox şirkətin ixracatçıya çevrilməsinə və Azərbaycan məhsullarının qlobal rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarsa, mexanizm öz məqsədinə çatmış olacaq. Əks halda, bu, sadəcə mövcud ixracın bir hissəsinin dövlət hesabına daha ucuz daşınmasına çevrilə bilər.