Astana. Trend:
Qazaxıstanda Kurultay seçkilərində səhər tezdən yüksək seçici fəallığı müşahidə olunur.
Bu barədə Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sabina Salmanova brifinq zamanı bildirib. Məlumatı Trend-in Astanadakı xüsusi müxbiri çatdırır.
“Biz seçkilərdə iştirak edən bütün partiyalarla görüşdük. Görüşlərimiz yüksək səviyyədə keçdi. Bu görüşlərdən çoxlu təəssüratlarla ayrıldıq. Yalnız səhər saatlarında beş məntəqədə olmağa imkan tapdıq. Bunlar 130, 175, 485 və 193 saylı məntəqələrdir. Təkcə işin təşkilindən deyil, belə erkən saatlardan seçici fəallığının yüksək olmasından da məmnun oldum. Səsvermədə həm yaşlı insanlar, həm də gənclər iştirak edirdilər. Həmçinin müşahidəçilər də var idi, onlarla söhbət etdik. Bu müşahidəçilər həm partiyaları, həm də ictimai təşkilatları təmsil edirdilər”, – deyə Salmanova bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.
Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Ədilet”, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Baytak”, Qazaxıstan Xalq Partiyası, “Auıl”, Qazaxıstan Demokratik Partiyası “Ak jol” və “Respublica”.
Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Kurultay əvvəllər Məclis və Senatdan ibarət olmuş Qazaxıstanın ikipalatalı Parlamentini əvəz edəcək.
Saat 12:00-a olan məlumata görə, Qazaxıstanda Kurultay seçkilərində seçici fəallığı 37,05% təşkil edib.