Bakı. Trend:
Avqustun 19-dan 23-dək Pekində təşkil edilən Ümumdünya Robototexnika Konfransında 300-dən çox şirkət 2 mindən çox eksponat və 150-dən artıq yeni məhsulu təqdim edib. Bunların arasında ev köməkçilərindən tutmuş humanoid robotlara və robot-itlərə qədər müxtəlif nümunələr yer alıb.
Çin şirkəti UBTECH Robotics burada özünün ən son modeli – "U1 Pro"nu təqdim edib. "U1 Pro" silikon dəriyə, dəri məsamələrini və qan damarlarını təqlid edən teksturaya, həmçinin insanın bədən temperaturuna yaxın temperatura malik, insan boyunda olan androiddir.
Kişi və qadın versiyalarında təqdim olunan model üz nahiyəsindəki 33 sərbəstlik dərəcəsi sayəsində mikroifadələri təkrarlaya bilir. İstehsalçının məlumatına görə, o, aktivləşdirmə sözü olmadan istifadəçi ilə ünsiyyət qura və 20-dən çox emosiyanı tanıya bilir.
Ailə mühitində yardım, yaşlı insanlara dəstək və yüksək səviyyəli xidmət sahəsi üçün nəzərdə tutulan "U1 Pro" 169 800 yuandan (təxminən 20 min avro) başlayan qiymətə satışa çıxarılıb. Model sırasına həmçinin 14 min avrodan başlayan Lite modeli və qiyməti 990 min yuana (təxminən 118 min avro) çatan Ultra versiyası da daxildir.