Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində üç bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə AMB məlumat yayıb.
Belə ki, “SF Azerbaijan” BOKT MMC və onun vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimələnib.
Bundan əlavə, “BOKT İDK” MMC-nin vəzifəli şəxsi “Bank olmayan kredit təşkilatları haqqında” qanunun və borcalanlar barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi qaydalarının tələblərini pozduğuna görə 2 min manat cərimə edilib.
Eyni əsaslarla “Prior Credit BOKT” ASC-nin vəzifəli şəxsinə də 3 min manat məbləğində inzibati cərimə tətbiq olunub.
Beləliklə, AMB-nin nəzarət tədbirləri nəticəsində qeyd olunan üç BOKT üzrə vəzifəli şəxslərə ümumilikdə 15 min manat, “SF Azerbaijan” BOKT MMC-nin özünə isə ayrıca 50 min manat cərimə tətbiq edilib.
Xatırladaq ki, bank olmayan kredit təşkilatları (BOKT) Mərkəzi Bankın verdiyi lisenziya əsasında kreditlərin verilməsi və "Bank olmayan kredit təşkilatları haqqında" qanunla müəyyən edilmiş digər maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olurlar.
Hazırda Azərbaycanda Mərkəzi Bankın reyestrində 50-dən çox lisenziyalı BOKT fəaliyyət göstərir. Bunlar arasında "Aqrarkredit" QSC BOKT, "PARA" BOKT ASC, "FİNCA Azerbaijan" QBKT, "KredAqro" BOKT MMC, "FinEx Kredit" BOKT ASC, "AzFinans" BOKT MMC, "İrşad BOKT" MMC, "AZPUL" BOKT MMC, "Nova Credit BOKT" MMC və digər təşkilatlar yer alır.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən il mətbuat konfransında bildirmişdi ki, tənzimləyici qurum üçün əsas prioritet kreditlərin sürətlə artması deyil, maliyyə sabitliyinin qorunması və dayanıqlı kreditləşmənin təmin edilməsidir.
"Biz bank olmayan kredit təşkilatları (BOKT), ümumiyyətlə, mikromaliyyələşdirilmə sahəsində kifayət qədər çox yeniliklər gətirəcəyik. BOKT-larla bağlı qaydalara etdiyimiz dəyişikliklər hesab edirik ki, sektorun inkişafına dəstək olacaq. Gündəlik kreditlərin inkişafı, onların sürətlə artırılması Mərkəzi Bankın marağında deyil. Çünki həm maliyyə institutu, həm də istehlakçı kifayət qədər risklərlə üzləşə bilər. Ona görə də həmin sahələrdə risklərin yüksək olduğunu nəzərə alaraq ehtiyat tələblərini artırmışıq. Gündəlik kreditlərin artımı Mərkəzi Bankın strateji sektorun inkişafı baxımından maraqlı deyil", – deyə AMB sədri vurğulayıb.