Bakı. Trend:
Belçika Mərkəzi Afrika ölkələrindən dövlət səviyyəsində üzr istəməlidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, Mərkəzi Afrika ölkələri uzun illərdir Belçikadan reparasiyalarla bağlı konkret addımlar gözləyirlər.
“Düşünürəm ki, burada konkret hüquqi müstəvidə, beynəlxalq hüquq çərçivəsində müəyyən addımlar atılmalıdır. Ən mühüm addım ondan ibarət olmalıdır ki, Belçika dövlət səviyyəsində Mərkəzi Afrika ölkələrindən – Konqo Demokratik Respublikasından, Ruanda və Burundidən üzr istəməlidir”, – A.Abbasov bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə maliyyə təzminatlarının məbləği müəyyənləşdirilməli və həmin vəsaitlər mərhələli şəkildə Mərkəzi Afrika ölkələrinə ödənilməlidir.
A.Abbasov qeyd edib ki, mühüm məsələlərdən biri də Belçikanın bu ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməməsidir. Eyni zamanda, kolonial cinayətlərin təkrarlanmaması üçün hüquqi müstəvidə müvafiq razılaşmanın əldə olunmasına ehtiyac var.
Reparasiya məsələsinin beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görüləcək işlərə toxunan A.Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu artıq bu mövzuda iki beynəlxalq konfrans keçirib və geniş araşdırmalar aparır.
“Təbii olaraq, bu mövzu həm BMT-nin, həm də digər beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Lakin təəssüf ki, Belçika tərəfindən bu məsələnin geniş ictimaiyyətə çatdırılması peşəkar şəkildə ört-basdır edilib. Bakı Təşəbbüs Qrupu bunu beynəlxalq təşkilatların gündəliyinə daşımaq üçün alternativ hesabatlar təqdim edəcək və belə beynəlxalq tədbirləri fərqli beynəlxalq platformalarda həyata keçirməyə davam edəcək”, – o vurğulayıb.
A.Abbasov, həmçinin reparasiya prosesində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, məsələ yalnız dövlət nümayəndələri tərəfindən beynəlxalq platformalarda qaldırılmamalı, vətəndaş cəmiyyəti institutları da BMT və digər beynəlxalq platformalarda bu istiqamətdə fəal iş aparmalıdır.