Bakı. Trend:
Hindistanın 22 vətəndaşının olduğu iki kommersiya gəmisi Yəmən və Somali sahilləri yaxınlığında baş verən iki ayrı quldur hücumu zamanı ələ keçirilib.
Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Eritreya bayrağı altında üzən və 20 nəfərlik heyətə malik “Sibu 1” tankeri Yəmən sahillərindən təxminən 30 dəniz mili məsafədə, Ədən körfəzində altı silahlı quldur tərəfindən ələ keçirilib.
Dəniz Administrasiyası İdarəsinin hesabatına əsasən, ekipajın bütün 20 üzvü təhlükəsiz vəziyyətdədir. Bununla belə, gəminin və dənizçilərin hazırkı vəziyyəti ilə bağlı yeni məlumatların daxil olacağı gözlənilir. Ekipajın 16 üzvü Hindistan, bir nəfəri Suriya, biri Sudan, biri İraq və daha bir dənizçinin vətəndaşlığı hələ təsdiqlənməyib.
İkinci insident zamanı dəniz quldurları Somali ərazisinin Puntland bölgəsi sahillərində Kamerun bayrağı altında üzən “Lutuv” yük gəmisini ələ keçiriblər. 10 nəfərlik heyətin tərkibində altı Hindistan vətəndaşı olub. Gəmi Marayya yaşayış məntəqəsindən təxminən 3,5 dəniz mili məsafəsində ələ keçirildikdən sonra Nuqal sahillərinə yönəldilib.