Bakı. Trend:
Nyu-York metrosunun mərkəzi stansiyalarından biri şəhərə yağan güclü leysan yağışı nəticəsində su altında qalıb.
Bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Telekanalın yayımladığı kadrlarda Manhettenin mərkəzində eyniadlı dəmir yolu vağzalının yaxınlığında yerləşən Penn Station metrosunun platformasına su axınlarının dolduğu görünür. Yerli Pix11 telekanalı isə Nyu-York metrosunun bir neçə xəttində əlverişsiz hava şəraiti səbəbindən qatarların ciddi gecikmələrlə hərəkət etdiyini, Bruklində magistral yollardan birində nəqliyyatın dayandığını bildirib.
Meteoroloqlar əlverişsiz hava şəraiti ilə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarında daşqın təhlükəsi barədə xəbərdarlıq edirlər. Bildirilir ki, bu, drenaj sisteminin zəif olduğu ərazilərdə nəqliyyatın hərəkətini iflic edə bilər.