Bakı. Trend:
Özbəkistanda səfərdə olan Azərbaycan KİV nümayəndələrindən ibarət heyət ölkənin ən iri turizm layihələrindən biri olan Silk Road Samarkand beynəlxalq turizm mərkəzi ilə tanış olub.
Press-turda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. İştirakçılar arasında Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev də var.
Kompleks Səmərqənd avarçəkmə kanalı boyunca yerləşir və təxminən 260 hektar ərazini əhatə edir. Burada 3 mindən çox qonağın eyni vaxtda yerləşdirilməsi üçün nəzərdə tutulan səkkiz hotel, 14 villa, restoranlar, parklar, istirahət zonaları və beynəlxalq konqres mərkəzi inşa edilib. Uzunluğu 2,2 kilometr olan avarçəkmə kanalı kompleksin əsas xüsusiyyətlərindən biridir.
Silk Road Samarkand kompleksində xüsusi yeri “Əbədi şəhər” tarixi-etnoqrafik parkı tutur. Təxminən 11 hektar ərazidə dar küçələri, meydanları, sənətkarlıq emalatxanaları, kafeləri, qalereyaları və mədəni tədbirlərin keçirildiyi məkanları ilə qədim Şərq şəhərinin ab-havası yaradılıb. Layihənin konsepsiyası tanınmış özbək rəssamı Bobur İsmayılovun iştirakı ilə hazırlanıb. Memarlıq obrazlarında parfiyalı, ellinistik və islam mədəniyyətlərinin motivləri birləşdirilib.
“Əbədi şəhər”də Özbəkistanın müxtəlif bölgələrinə xas ənənəvi sənətkarlıq nümunələri – keramika, ağac üzərində oyma, xalçaçılıq, zərgərlik və tut ağacının qabığından hazırlanan məşhur Səmərqənd kağızı nümayiş olunur.
Press-tur iştirakçıları Səmərqənd ipək kağızı hazırlamaq ənənəsinin yaşadıldığı Firdavs Umarovun emalatxanasını da ziyarət ediblər. Ustanın sözlərinə görə, o, bu sənətkarlığın bərpasına 25 il həsr edib. Kağız tut ağacının qabığından kimyəvi qatqılar olmadan hazırlanır: xammal qaynadılır, xırdalanır, vərəqlər formalaşdırılır və preslənir, daha sonra hər vərəq daşla cilalanır. Bütün proses bir neçə gün davam edir.
“Səmərqənd kağızı orta əsrlərdən tanınır və Mərkəzi Asiyada geniş yayılıb. Möhkəmliyinə və hamar səthinə görə ondan əlyazmalar, xəttatlıq və miniatürlər üçün istifadə olunurdu”, – deyə usta bildirib.
Jurnalistlər Səmərqənd keramikasının hazırlanmasının sirləri ilə də tanış olublar. Özbəkistan Rəssamlıq Akademiyasının ustalarından biri, keramika rəssamı və dulusçu Şərif Əzimov bu sənətlə artıq 56 ildir məşğul olduğunu bildirib. Yaradıcılıq yolundan danışan Şərif Əzimov sənətə marağının hələ məktəb illərində yarandığını deyib. O, keramika ilə məşğul olmağa tanınmış Səmərqənd ustası Ömər Cürəkulovun rəhbərliyi altında başlayıb.
“Mən o zaman səkkizinci-doqquzuncu sinifdə oxuyurdum. Ömər Cürəkulovun emalatxanasına gedirdik və o vaxtdan ömrümün 56 ilini həsr etdiyim bu sənəti sevdim”, – deyə usta bildirib.
Onun sözlərinə görə, məhz Cürəkulovun məktəbi peşəkar fəaliyyətinin əsasını təşkil edib.
Bu gün usta yalnız Səmərqənd keramika məktəbinin ənənələrini davam etdirmir, həm də biliklərini gənclərə ötürür. Əzimovun sözlərinə görə, onun tələbələri arasında müxtəlif ölkələrdən olan şəxslər var.
“Mənim Azərbaycandan çoxlu tələbəm var. Karib hövzəsi ölkələrindən də tələbələrim var. Onlar mənim araşdırmalarımı davam etdirirlər”, – deyə o bildirib.
Əzimov vurğulayıb ki, onun üçün keramika sadəcə məmulat istehsalı deyil, Səmərqəndin çoxəsrlik bədii ənənəsinin davamıdır.
Onun yaradıcılıq metodu keramikanın tarixinin və qədim nümunələrin öyrənilməsi ilə bağlıdır. Tədqiqatçıların sözlərinə görə, usta muzey eksponatlarını və tarixi texnikaları diqqətlə araşdırıb, yaradıcılığında Səmərqənd keramika məktəbinin ənənələrini inkişaf etdirib.
Qeyd edək ki, Silk Road Samarkand rəsmi olaraq 23 avqust 2022-ci ildə açılıb. Layihə hotel, mədəniyyət, tibb, biznes və istirahət infrastrukturlarını birləşdirir və xüsusilə beynəlxalq, işgüzar və tədbir turizminin inkişafına yönəlib.
Kompleksin adı Səmərqəndin Böyük İpək Yolunda ticarət və mədəni əlaqələrin əsas mərkəzlərindən biri kimi tarixi əhəmiyyəti ilə bağlıdır. Bu gün Silk Road Samarkand qədim şəhərin tarixi irsini müasir turizm infrastrukturu ilə birləşdirərək onun yeni beynəlxalq imicini formalaşdırmağa çalışır.










