Bakı. Trend:
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə paylaşım edib. O, Ukraynaya göstərilən dəstəyə görə, Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
Viktor Yuşşenko bu barədə özünün "Facebook" hesabında yazıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirib:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şəxsi, olduqca səmimi və məzmunlu görüş keçirməkdən böyük məmnunluq duydum. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin iştirakı ilə iki xalqın əsl dostları və etibarlı tərəfdaşları kimi fikir mübadiləsi apardıq".
Yuşşenko qeyd edib ki, Azərbaycanla dostluğunun tarixi 1989-cu ildə Naxçıvanda Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb:
"Mənim üçün bu dostluğun tarixi hələ 1989-cu ildə Naxçıvanda Heydər Əliyevlə tanışlıq və dostluq münasibətlərinin qurulması ilə başlayıb. Prezident İlham Əliyevlə isə bizi artıq 20 ildən çoxdur davam edən şəxsi dostluq və Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət birləşdirir".
O, dövlətlər arasında strateji tərəfdaşlığın rəsmi şəkildə təsbit edilməsini bu işin mühüm nəticələrindən biri kimi qiymətləndirib:
"Bu işin mühüm nəticələrindən biri dövlətlərimiz arasında strateji tərəfdaşlığın rəsmi şəkildə təsbit edilməsi olub. 22 may 2008-ci ildə Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı biz Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzaladıq. Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyənləşdirdi və onların gələcək inkişafı üçün möhkəm təməl yaratdı".
Yuşşenkonun sözlərinə görə, görüş zamanı ölkələrin gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və konkret layihələr müzakirə olunub:
"Budəfəki görüşümüz zamanı ölkələrimizin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də üzərində komandalarımızın işləməyə davam edəcəyi konkret layihələr barədə danışdıq".
Ukraynanın sabiq prezidenti Azərbaycan tərəfinə Ukraynaya göstərilən dəstəyə görə təşəkkür edib:
"Prezident İlham Əliyevə və Azərbaycan xalqına Ukraynaya ardıcıl dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən qayğıya, habelə dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz hörmətə görə xüsusi təşəkkür edirəm".
Yuşşenko səfərin təşkilində iştirak edən diplomatik nümayəndələrə də minnətdarlığını bildirib.
"Dostluğumuzu yüksək qiymətləndirirəm və əminəm ki, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da mühüm birgə işlərdə öz əksini tapacaq".


