Bakı.Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,561 milyard ABŞ dolları dəyərində 7,473 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 136,5 milyon ABŞ dolları və ya 3,08 faiz çox, həcm baxımından isə 958 min ton və ya 11,4 faiz azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 8,431 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri isə 4,424 milyard ABŞ dolları təşkil edib.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 372,7 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 1,7 milyon ton və ya 12,1% azdır.
Qeyd edək ki, İtaliya Azərbaycan üçün təkcə neft deyil, həm də qaz sahəsində əsas enerji tərəfdaşı olaraq qalır. Ölkə eyni zamanda Azərbaycan təbii qazının ən böyük idxalçısıdır ki, bu da ikitərəfli enerji əməkdaşlığının genişmiqyaslı xarakterini əks etdirir.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Trend-ə özəl müsahibəsində bildirib ki, yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də iqtisadi əməkdaşlığın strateji neft-qaz sektorundan kənarda şaxələndirilməsi üçün əlverişli şərait mövcuddur.
Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.
“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o vurğulayıb.