Bakı. Trend:
Cənubi Koreya ordusu bu həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasının (KXDR) bir neçə hərbçisinin hərbi demarkasiya xəttini keçməsindən sonra xəbərdarlıq atəşi açıb.
Bu barədə bazar günü Yonhap agentliyi Cənubi Koreya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bu, 2026-cı ildə Cənubi Koreya ordusunun KXDR hərbçilərinin hərbi demarkasiya xəttini keçməsinə cavab olaraq ilk dəfə xəbərdarlıq atəşi açmasıdır.
Bildirilib ki, hadisə Koreya yarımadasının şərq hissəsində baş verib. KXDR-in bir neçə əsgəri hərbi demarkasiya xəttini keçdikdən sonra Cənubi Koreya hərbçiləri əməliyyat prosedurlarına uyğun olaraq xəbərdarlıq atəşi açıblar. Bundan sonra Şimali Koreya hərbçiləri demarkasiya xəttinin şimal tərəfinə geri çəkiliblər.
Məlumata görə, KXDR 2023-cü ilin sonunda Koreyalararası münasibətləri "bir-birinə düşmən olan iki dövlət arasındakı münasibətlər" kimi qiymətləndirdikdən sonra, 2024 və 2025-ci illərdə Şimali Koreya hərbçiləri demarkasiya xətti ətrafındakı sərhəd zonasının möhkəmləndirilməsi işlərini gücləndiriblər. Həmin proses zamanı onlar dəfələrlə hərbi demarkasiya xəttini keçiblər. Təkcə ötən il 17 belə hadisə qeydə alınıb.
Cənubi Koreya ordusunun tətbiq qaydalarına əsasən, KXDR hərbçilərinin demarkasiya xəttinə yaxınlaşdığı və ya onu keçməyə cəhd etdiyi müşahidə olunduqda əvvəlcə xəbərdarlıq elanları verilir. Xətt keçildikdən sonra isə xəbərdarlıq atəşi açılır və Şimali Koreya hərbçilərinin geri çəkilməsi üçün tədbirlər görülür.
KXDR tərəfi hələlik hadisə ilə bağlı açıqlama verməyib.