Bakı. Trend:
İngiltərənin “Liverpul” klubunun amerikalı sahibləri — Fenway Sports Group (FSG) — cümə günü səhmlərin bir hissəsinin aralarında “Amazon”un qurucusu Ceff Bezosun da olduğu investorlar qrupuna satıldığını açıqlayıblar.
62 yaşlı multimilyarder “Liverpul” FK-nın təsis edildiyi 1892-ci ilə istinadən 1892 Holdings adlandırılan konsorsiuma daxildir. Konsorsiuma iş adamı Amit Bhatia, Mittal ailəsi, həmçinin “Facebook”un həmtəsisçisi Eduardo Saverinin həyat yoldaşı Elain və Eduardo Saverinin vəsaitləri daxildir. Klubun yaydığı açıqlamada əməliyyatın məbləği və əldə edilən səhmlərin payı barədə məlumat verilməyib.
Bir sıra KİV-lərin məlumatına görə, konsorsiumun payı klubun kapitalının təxminən 30%-ni təşkil edəcək. Dünyanın dördüncü ən varlı şəxsi hesab olunan və sərvəti 256 milyard dollar dəyərində qiymətləndirilən Ceff Bezosun “Liverpul”un genişləndirilmiş direktorlar şurasına daxil olmayacağı gözlənilir. Amit Bhatia isə şurada vitse-prezident kimi yer almalıdır. “Amazon” rəhbərinin investisiyalarını həyata keçirdiyi K5 Sports vençur şirkətinin təsisçisi Brayan Baum və Elain Saverin də direktorlar şurasının üzvlərinə çevriləcəklər.
Bu, Bezosun idman komandasına ilk investisiyasıdır. O, bir müddət Amerika futbolu üzrə NFL liqasında çıxış edən “Seattle Seahawks” və “Washington Commanders” komandalarını almağa namizəd kimi göstərilmişdi.
Bu razılaşmadan sonra klubun dəyərinin 5-6 milyard funt sterlinqə (5,8-7 milyard avro) çatacağı gözlənilir. Amit Bhatia 18 il ərzində “Queens Park Rangers” (QPR) klubunun ortaq sahiblərindən biri olub. O, “Liverpul”la əlaqələri ictimaiyyətə məlum olduqdan sonra iyul ayında klubdakı payından çıxıb.
Fenway Sports Group “Liverpul”da “nəzarət səhm paketini və əməliyyat nəzarətini” özündə saxladığını vurğulayıb. Açıqlamada bildirilir: “Bu strateji investisiya biznes, texnologiya və investisiya dünyasından qlobal miqyasda ekspertləri bir araya gətirməklə Liverpulun uzunmüddətli inkişaf ambisiyalarını dəstəkləyir.”
FSG 2010-cu ildə İngiltərə klubunu 300 milyon funt sterlinqə alıb. Üç il əvvəl isə şirkət ABŞ-ın idman investisiya şirkəti Dynasty Equity-yə klubun təxminən 3 faizlik azlıq səhm paketini satmışdı.
Transfer pəncərəsinin bağlanmasına hələ bir neçə həftə qaldığı bir vaxtda yeni investorun gəlişi “Liverpul”un baş məşqçisi Andoni İraolaya heyəti gücləndirmək üçün əlavə imkan yarada bilər. Bu yay istefaya göndərilən Arne Slotu əvəzləyərək komandaya başçılıq etməyə başlayan ispaniyalı məşqçi xüsusilə hücum xəttini gücləndirməyə çalışır.
“Qırmızılar” bu yay misirli ulduzları Məhəmməd Salahın komandadan ayrılması ilə də üzləşiblər. “Liverpul” ötən mövsüm çempionatda məyusedici beşinci yeri tutub və Premyer Liqada yeni mövsümə avqustun 23-də “Nyukasl”ın meydanında başlayacaq.