Bakı. Trend:
2026-cı ilin I yarısında 1 144 satınalma üzrə yekun protokol ləğv edilib.
Trend-in təlimdəki müxbiri xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
“2026-cı ilin birinci yarımili ərzində ümumilikdə 3489 elektron satınalma keçirilib və bu satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib. Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib. Qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 14,7% olub. Əldə olunan nəticələr maliyyə intizamının gücləndirilməsi, əlavə xərclərin minimuma endirilməsi və satınalma məsrəflərinin optimallaşdırılmasına şərait yaradıb”, - deyə o bildirib.
Mirzə Mirzəyev dövlət satınalmalarında rəqabətli mühitin genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb:
“Rəqabətli mühitin genişləndirilməsi daha çox sahibkarın dövlət sifarişlərinə çıxış imkanlarını artırmaqla yanaşı, satınalma nəticələrinin daha səmərəli formalaşmasına da imkan yaradır. Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi iqtisadi fəallığın stimullaşdırılmasına xidmət edir”.
Sədr müavini satınalma proseslərinə nəzarət mexanizmlərindən də danışıb.
“Satınalma proseslərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarət də satınalma sisteminin mühüm elementidir. Bu prosesdə iştirak edən hər bir tərəfin funksiyası qanunvericiliklə müəyyən edilir. Dövlət satınalan təşkilatları satınalma prosesini həyata keçirir, sahibkarlar təkliflərini təqdim edir, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə dövlət satınalmaları sisteminin tənzimlənməsi, metodoloji dəstəyin göstərilməsi, monitorinq və nəzarət funksiyalarını həyata keçirir”, - deyə Mirzə Mirzəyev qeyd edib.
O bildirib ki, bu funksiyaların icrası çərçivəsində dövlət satınalmaları ilə bağlı müraciətlərin çevik emalı və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsi istiqamətində də tədbirlər görülüb:
“I yarımildə müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1144 yekun protokol ləğv edilib”.