Bakı. Trend:
Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatı, müvafiq informasiya sistemindən çıxarışların və onların dublikatlarının, habelə toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi üçün dövlət rüsumları müəyyən edilib.
Bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik barədə imzaladığı Fərmanda öz əksini tapıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın verilməsi üçün 50 manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi üçün 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) üçün 25 manat dövlət rüsumu müəyyənləşdirilib.