Bakı. Trend:
İngiltərənin Şərqi Sasseks qraflığında, Lyuis şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə İngiltərənin cənub-şərq sahillərinin təcili tibbi yardım xidməti məlumat yayıb.
“Hazırkı mərhələdə iki pasiyentin ciddi xəsarətlər aldığını təsdiqləyə bilərik. Daha doqquz pasiyent isə daha yüngül xəsarətlər alıb. Pasiyentlər müayinə olunub, onlara hadisə yerində tibbi yardım göstərilib. Bəziləri əlavə müalicə üçün yerli xəstəxanalara çatdırılıb”, — deyə Sky News telekanalının yaydığı açıqlamada bildirilib. Qeyd olunur ki, Londondan Istborn şəhərinə gedən qatarda ümumilikdə təxminən 150 nəfər olub.
Hadisə ilə əlaqədar İngiltərənin cənubundakı sərnişin qatarlarının hərəkəti qismən iflic olub. Operatorlar mümkün gecikmələr və qatar reyslərinin ləğvi barədə xəbərdarlıq edib, sərnişinlərə imkan daxilində günün sonunadək səfərlərdən imtina etmək tövsiyə olunub.